DataLife Engine > sosial > Xocalı – Əsrin faciəsi

Xocalı – Əsrin faciəsi


26-02-2019, 12:12. Разместил: heqiqet Xocalı – Əsrin faciəsi
Yeganə Baxşəliyeva,
Bakı şəhəri, 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, “Qızıl Qələm”, “Vətənpərvər xanım”, “Azərbaycan bayrağı”, “Qabaqcıl təhsil işçısı”, “İlin nüfuzlu ziyalısı”, “İlin müəllimi” və “Sadiq Heydərçı” mükafatları laureatı.


1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə yeddi min nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər (hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı). Həmin vaxta qədər Xocalı şəhəri artıq dörd aydan çox idi ki, tam mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox sayda xəstələr, yaralılar, qocalar, qadınlar və uşaqlar var idi.
Həmin gecə Xocalı şəhəri yerlə-yeksan edildi. Əliyalın dinc mülki əhali kütləvi qətliama məruz qaldı - uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Erməni millətçiləri XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üzqaralığı olan növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq sırf təsadüflər nəticəsində Xocalının xeyli sakini tarixə şahidlik etmək üçün sağ qaldı.
Bu gün xocalılılar respublikamızın müxtəlif bölgələrində məskunlaşıblar. Onlar daim dövlətin diqqət və qayğısını hiss edirlər. Xocalı soyqırımından ötən müddət ərzində onların istər məskunlaşmaları, istərsə də sosial-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin edilməsi və s. istiqamətlərdə həyata keçirilən tədbirlər bunu təsdiqləyir. Xocalılıların ilk olaraq yeni salınmış qəsəbələrə köçürülməsi də bu dediklərimizə bariz nümunə sayıla bilər.
Qarabağ savaşlarında faciələrimizin ən ağrılısı, acılısı kimi yaddaşlara yazıldı Xocalı müsibətləri, təkcə ona görə yox ki, müsibətli günlərimiz, yurd-yuvasızlığımız başlayırdı o gecə. Əsas ona görə ki, qarlı qış gecəsində gülləbarana tutulmuş günahsız insanların - körpələrin, uşaqların, qız-gəlinlərin, dünyası tarmar olmuş müdriklərin - ağsaqqal və ağbirçəklərin o gecənin bağrını yaran harayları "qulaqlarına pambıq tıxanmış dünyaya çatmadı, eşidilmədi, dinlənilmədi. O haraylar tonqal dilimli idi. Odlara atılmış harayların qığılcımları təkcə yerləri deyil, göyləri də yandırırdı, çox da ki, bu haraylar yatmış vicdanları oyatmırdı...
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xocalı əhalisinin dünya xalqlarına, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir ki, biz - 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni millətçilərinin həyata keçirdiyi kütləvi qətliamın möcüzə nəticəsində sağ qalmış şahidləri bütün mütərəqqi ictimaiyyəti, qəlbində insan sevgisi olan hər kəsi bəşəriyyətə qarşı törədilmiş bu soyqırımı cinayətinə biganə qalmamağa çağırırıq.
Son iki əsrdə erməni millətçi və ekstremist dairələri xarici havadarlarının köməyi ilə tarixi Azərbaycan torpaqları hesabına xəyali "Böyük Ermənistan" ideyasını reallaşdırmaq məqsədi ilə Azərbaycana qarşı ardıcıl işğalçılıq siyasəti həyata keçirmiş, bu məkrli məqsədə çatmaq üçün zaman-zaman amansız terror aksiyaları və kütləvi qırğınlar, deportasiya və soyqırımı kimi cinayətlər törətmişlər.
1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş və dədə-baba torpaqlarından didərgin salınmışdır. 1988-1989-cu illərdə Ermənistanda öz tarixi-etnik torpaqlarında yaşayan 250 mindən artıq azərbaycanlı son nəfərinədək deportasiya edilmiş, bu qanlı aksiya zamanı yüzlərlə günahsız insan - qocalar, qadınlar, uşaqlar vəhşicəsinə qətlə yetirilmişdir. Nəticədə Ermənistan erməni millətçilərinin illərlə arzusunda olduqları monoetnik dövlətə çevrilmişdir.
1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları yenidən baş qaldırmış, bu məqsədlə Dağlıq Qarabağda heç bir tarixi və siyasi əsası olmayan erməni separatizminə rəvac verilmişdir ki, bu da bölgədə qanlı etnik qarşıdurmalara və kütləvi insan fəlakətlərinə səbəb olmuşdur.

Вернуться назад