DataLife Engine > sosial / tehsil > Milli dəyərlərə qayğı və hörmətin təzahürü

Milli dəyərlərə qayğı və hörmətin təzahürü


17-03-2022, 13:46. Разместил: heqiqet Milli dəyərlərə qayğı və hörmətin təzahürü Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsillərdən nəsillərə ötürülmüşdür.
Novruz bayramı çox qədim tarixə malikdir. İlk yazılı mənbələrdə bu bayramın hələ bizim eradan əvvəl 505-ci ildə yarandığı qeyd edilir. Müəyyən dövrlərdə Novruz bayramına dini məzmun vermək cəhdləri olsa da, bu bayramın İslam dinindən xeyli əvvəllər meydana gəldiyini İbn-Sina, Nizami kimi klassiklərimiz hələ əsrlər əvvəl öz əsərlərində isbat etmişlər.
Orta əsrlərdə Azərbaycanda xüsusi şəxslər - astroloqlar Günəşin hərəkətini izləyər, bu barədə əhaliyə ətraflı məlumat verərdilər. 1637-ci ildə alman səyyahı Adam Oleari Şamaxıda azərbaycanlıların Yeni il mərasimini - Novruzu necə qarşılamalarının şahidi olmuş və bu barədə yazmışdır: "Astroloq tez-tez stolun arxasından durur, xüsusi alətlər vasitəsilə Günəşi müşahidə edir, saata baxır, beləliklə, Günəşin gecə ilə gündüzün bərabərlik nöqtəsinə çatacağı anı müşahidə edirdi. Elə ki, gözlənilən məqam çatdı, astroloqun xəbəri ilə əlaqədar şəhərdə yaylım atəşləri açıldı. Şəhərin qala divarları boyunca təbillər döyüldü, xalq şənliyə başladı".
Bu faktlar göstərir ki, Novruz heç də kor-koranə inanclara deyil, elmi əsaslara söykənir. Yeni ilin məhz martın 21-də başlanması tam elmi təsdiqini tapmışdır. Novruz bayramı xalqımızın məişəti, adət-ənənəsi, gün-güzəranı, həyat tərzi, təfəkkürü, intellektual səviyyəsi ilə qırılmaz tellərlə bağlıdır.
Sovet dövrünün ilk onilliklərində Novruz bayramına müəyyən qadağalar qoyulmuşdu. Hökumət orqanları bu bayramın rəsmi səviyyədə keçirilməsinə icazə vermir, buna təşəbbüs göstərən vətənpərvər insanlar isə təqiblərlə üzləşirdi. Bununla belə, əsrlərdən qalmış ənənələrə sadiq qalaraq, hər bir azərbaycanlı ailəsində bu bayram ilin ən əziz günləri kimi qeyd olunurdu. Rəsmi tədbirlərdə, radio və televiziya verilişlərində Novruz bayramının adını dəyişdirib, gah "Bahar" bayramı, gah da yaz-tarla işlərinin başlanğıcı hesab etsələr də, xalq öz Novruzunu məhəbbətlə qarşılayıb ehtiramla keçirirdi. Şəkərbura, paxlava bişirilir, bayram plovu süzülür, səməni göyərdilir, həyətlərdə tonqal yandırılırdı. Qohum-əqrəba bir-birinin qapısını döyərək bayramlaşırdı. Amma bütün bunlar sanki bir örtük, pərdə arxasında həyata keçirilirdi. Radio və televiziyalarda baharın gəlişi ilə əlaqədar konsertlər verilir, yazla bağlı mahnılar oxunurdu. Hər kəs öz imkanı və səlahiyyəti daxilində bu qədim bayramın əbədiyaşarlığına xidmət göstərməyə çalışırdı. Amma heç kim Novruzun adını çəkə bilmirdi.
Yalnız Azərbaycan xalqının ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ölkəmizdə hakimiyyətə gəlişi xalqımızın digər milli-mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi. Ulu öndər ölkəyə rəhbərliyinin ilk günlərindən hər cür ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başladı. İctimai şüurdakı qorxunu aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacardı. Ulu öndər xalqda milli heysiyyəti gücləndirdi, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirdi. Xalqımız keçmişin ağır buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı.
Doğrudur, Novruz bayramının rəsmi səviyyədə qeyd edilməsi təşəbbüsləri əvvəllər də olmuşdu. Novruz bayramı üzərindəki qadağaların ortadan götürülməsi üçün bir sıra ziyalılarımız fədakarcasına çalışmışdılar. Lakin məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu məqsədin həyata keçməsi mümkün oldu. Bu bayram sadəcə mərasim kimi deyil, məhz milli mənəvi dəyərlərin əhəmiyyətli bir hissəsi olaraq yenidən öz mahiyyətinə qovuşdu. Novruza olan bütün qadağalar ortadan götürüldü. Məhz ulu öndərin diqqət və qayğısı sayəsində Novruz bayramı günlərində Bakı küçələrində insanlar kütləvi şənliklərə başladılar.
Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdışından sonra gənc müstəqil dövlətimizin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafına da müstəsna diqqət yetirdi. Müstəqilliyimizin milli-ideoloji təməlini təşkil edən bu dəyərləri xüsusi qiymətləndirdi, daim diqqət mərkəzində saxladı. Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev bir neçə tərkib hissəsini xüsusi qeyd edirdi: dil, din, adət-ənənə və bunların işığında formalaşan milli mentalitet.
Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. “...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” - deyən Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi nəzərə çatdırırdı. Bu ideologiyanın ən mühüm simvollarından biri isə, heç şübhəsiz ki, Novruz bayramıdır.
Təsüdüfi deyil ki, Ümummilli liderdən müsahibə alan bir jurnalistin "Sevdiyiniz bayram hansıdır ?" - sualına Heydər Əliyev "Novruz !" demişdi. Novruz şənliklərində Heydər Əliyev şəxsən özü əhali ilə bayramlaşmağa çıxar, insanları bayram münasibətilə təbrik edər, yumurta döyüşdürər, öz xeyir-duaları ilə hər kəsdə xoş ovqat yaradardı. Heydər Əliyev azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı. O, bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünyası miqyasında həyata keçirirdi. Novruz bayramının mənəviyyatımızdakı rolunu səciyyələndirən Heydər Əliyev demişdir: "Bu bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır".
Zəfər qoxulu bu bayram münasibətilə cənab Prezidentimizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik.
Milli dəyərlərə qayğı və hörmətin təzahürü
Kazımova Səadət,
Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbim direktor əvəzi

Вернуться назад