DataLife Engine > sosial / tehsil > “Müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz!"

“Müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz!"


18-03-2022, 11:34. Разместил: heqiqet “Müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz!"Novruz Azərbaycan xalqının çox qədim zamanlarda yaratdığı, milli yaddaşa yüksək mənəvi-əxlaqi dəyərlər toplumu kimi daxil olan böyük bayramlardan biridir. Əcdadlarımız ulu qaynaqlardan süzülüb gələn, yaddaşlara yoldaş olan bu bayramı bir-birindən oynaq, lətafətli nəğmələr, insanın ilkin törəniş atributları olan su, od, yel və torpaq görüşləri ilə bağlı silsilə ayin, etiqad, ənənə və mərasimlərlə zaman-zaman bəzəmişlər. Qərinələr və yüzilliklər dolabında bu nəğmə və mərasimlərin nəqşi pozulanı, bəzən unudulanı da, yeni-yeni ənənə və etiqadlarla cilalanıb ritmi səhv düşəni, yenidən düzülüb qoşulanı da olub. Ancaq xalq bayram təntənəsinin ahənginin pozulmasına yol verməmiş, onu özünün qüdrətli dünyasını əks etdirən yallılar, coşqun rəqslər, rəngarəng xalq oyunları, ibrətamiz meydan tamaşaları ilə bəzəmişdir. Xalqımız hər il bu bayramı yazın ilk günlərində, gecə ilə gündüzün bərabərləşdiyi bir məqamda - mart ayının 20-dən başlayaraq həmin ayın 21-22-də keçirmişlər.
Ümummilli lider Heydər Əliyev Novruzu belə qiymətləndirmişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanmasının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir. Novruz bizim ümummilli bayramımızdır. Müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz!"
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev, eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Novruz bayramna, digər milli bayram və adət-ənənələrə yüksək yüksək hörmətlə yanaşırlar.
Novruz qədim Azərbaycan torpaqlarında, eləcə də Türküstan və İran xalqları içərisində çox qədimdən keçirilən əzəmətli yaz bayramlarından biri kimi tarixin yaddaşında yaşamaqdadır. Bir sıra tarixi qaynaqlar və mənbələrdə Novruz barədə dəyərli məlumatlar günümüzə qədər gəlib çatmışdır.
Novruzun adı, yaz bayramı kimi keçirilmə tarixi, mənşəyi ilə bağlı günümüzə müxtəlif tarixi faktlar, mif və əfsanələr gəlib çatmışdır. Onlara görə Novruz - Turan və İran torpağında insanın yeni həyata başladığı təzə gün hesab edilir. Bayram rituallarından çıxış etsək, görərik ki, həmin gün insanın əkinçilik mədəniyyətinə qovuşduğu, torpağa ilk toxumu atıb ondan məhsul götürdüyü, insanın birinci dəfə əkinçilik məşğuliyyətinə başladığı gündür.
Novruzun qədimdən bayram edilməsi Şərqin mötəbər ədəbi mənbələrində də öz əksini tapmışdır. Ə.Firdovsinin "Şahnamə"sində bu bayramın çox qədimdən mart ayının əvvəlində keçirildiyi göstərilir.
N.Gəncəvinin "İsgəndərnamə"sində, Ə.Nəvainin "Səddi-İsgəndəri"ndə bizim eradan 350 il əvvəl Novruzun xalq arasında böyük şənliklərlə keçirildiyi göstərilir. Təsadüfi deyildir ki, "İsgəndərnamə"də İsgəndərin Bərdə hökmdarı Nüşabəyə qonaq gəldiyi gün elə Novruz bayramı günü idi.
Novruz bayramı bütövlükdə azərbaycançılıq ideyalarının söykəndiyi yüksək mənəvi və əxlaqi dəyərlərlə zəngindir. Ümumazərbaycan mədəniyyətinin yaranıb formalaşmasında, inkişafında və yüksəlməsində onun böyük rolunun həqiqi mənasını hələ bütöv şəkildə öyrənildiyinə hökm vermək təbii ki, mümkün deyildir. Novruzun Azərbaycan xalqının, Azərbaycan dilinin və xalqımıza məxsus zəngin kulturoloji dəyərlərin qorunub saxlanmasında mühüm rolu olmuşdur.
Bayramın söykəndiyi əxlaqi dəyərlərin çevrəsi genişdir. Ən əvvəl, Novruz ənənələri əməyi insan həyat və fəaliyyətinin başlıca əxlaqi dəyəri kimi təqdim edir. Novruz fəlsəfəsinə görə insanın yüksək rifaha, xoşbəxt həyata qovuşması onun torpaqda işləmək, əkib-becərmək istəyi ilə bağlıdır. Novruz nəğmə və deyimlərində, meydan tamaşalarında bu görüş özünü geniş şəkildə əks etdirir.
Novruzun qabaqcıl əxlaqi görüş kimi təqdim etdiyi ikinci dəyər onun törəniş və yaranışla bağlı dünyəvi dəyərlərə ehtiram və məhəbbət aşılaması, suyun, odun, havanın və torpağın saflığını qoruyub saxlamaq düşüncəsidir.
Bayramın cəmiyyət münasibətlərini tənzimləmək üçün vacib olan başqa bir dəyəri insanlar arasında qarşılıqlı xoş münasibətin zəruriliyidir. Novruz ənənələrinə görə, bayram günü bütün küsülülər barışar, bir-biri ilə bayramlaşar, bir-birinin evinə qonaq gedər, incikliklərə son qoyar, hətta qan intiqamını da yaddan çıxarardı. Bu dəyər geniş çalarlara malik olub təkcə cəmiyyət üzvləri arasında deyil, eyni zamanda, ölkələr, dövlətlər, xanlıqlar, tayfalar və nəsillər arasında incikliklərin, qarşıdurmaların aradan qaldırılmasını gündəmə gətirərdi.
Bayramda böyüyə, uluya hörmət, ölən doğmaların ruhunu yad etmək, keçmişin ən ülvi ənənələrini yada salmaq, insani keyfiyyətləri daim qorumaq, düzlük, doğruçuluq kimi keyfiyyətlər də yüksək dəyərlər kimi təqdim edilir.
Müqəddəs çərşənbələrdən başlayaraq Novruz etiqadları insanları pislikdən, yamanlıqdan, şeytançılıq, dalca danışmadan, ara vurmaqdan, ədalətsiz münasibətlərdən, özünə rəva görülməyəni başqasına qıymaqdan uzaq olmağa çağırmış, insan şəxsiyyətini alçaldan hər cür keyfiyyətlərdən uzaq durmağa səsləmişdir.
Novruz dəyərləri xalq diplomatiyasının sülh, barış, hökm, bağışlamaq və digər hüquqi aktlarının humanist formalarını özündə cəmləşdirmiş, bayram ərəfəsində əfvetmənin ən müxtəlif nümunələrini əhatə etmişdir ki, bütün bunlar da çərşənbə və Novruz şənliklərinin ən bəşəri və humanist görüşlərin geniş çevrəsini ehtiva edib bayramın başlıca ictimai-fəlsəfi məzmun daşıdığını göstərmişdir.
Novruz dəyərləri içərisində təmizliyə, paklığa çağırış da güclüdür. İlaxır çərşənbələrdən başlayaraq cəmiyyətdə təmizlik işləri görmək, ölkədə, eldə, mahallarda, kəndlərdə bu məqsədlə iməcilik keçirmək, bağı-bağçanı, ev-eşiyi, həyət-bacanı təmizləyib-sahmanlamaq, sobaları, ocaqları qurumdan, küldən təmizləmək, sözün həqiqi mənasında, geniş sanitar xidməti həyata keçirmək bayramın başlıca tələblərindən hesab olunurdu.
Novruz dəyərləri uzun yüzilliklər ərzində cəmiyyətin irəliyə doğru inkişafını səmtləndirmiş, yüksək mədəni dəyərlərin nəsildən-nəslə ötürülməsinə, çox geniş bir ərazidə azərbaycançılıq kimi milli-mənəvi keyfiyyətlərin formalaşıb qabaqcıl və aparıcı bir ideologiyaya çevrilməsinə gətirib çıxarmışdır.
Bu gün Ali Baş Komandaının rəhbərliyi altında şanlı Ordumuzun möhtəşəm Zəfər qələbəsi fonunda Novruzu böyük ruh yüksəkliyi ilə qeyd edirik. Möhtərəm Prezidentimizi və xalqımızı təbrik edir və yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.
“Müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz!"

Samirə Musayeva,
233 nömrəli tam orta məktəbin biologiya müəllimi, biologiya üzrə fəlsəfə doktoru

Вернуться назад