Novruz bayramı ilə bağlı türkdilli xalqların öz ölkəsinə xas adət-ənənəsi var
18-03-2022, 12:45. Разместил: heqiqet
Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.
El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandınr, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də, qatarda da, məktəbdə də, idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: «Bayramınız mübarək!» Novruz bayramı zamanı məhəllələrdə, xüsusən də kənd yerlərində uşaqlar və gənclər qapı-qapı gəzib bayram payı toplayır, müxtəlif oyunlar keçirirlər. Novruzun bir bəzəyi də kosa və keçəldir. Onlar öz oyunları ilə uşaqlara sevinc gətirir, onları əyləndirirlər.
Novruz bayramı zamanı olub-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır. Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşların qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəklərin tumurcuğunda gəlir xalqımızın Novruzu, yurdumuzun baharı.
Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Bu bayrama ta qədimlərdən başlayaraq, dörd həftə qalmış, insanlarımız hər çərşənbə axşamı və bayram günü tonqal qalayır, mahnı oxuyur, oda, atəşə, günəşə olan etiqad və inamını ifadə edirlər. Bütün bu mərasimlər də hələ İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Deməli, xalqımız və bütün türkdilli xalqlar bu bayramı çox qədimlərdən keçirməyə başlayıblar. Ona görə də bu bayram bizim milli bayramımızdır.
Hətta Çin mənbələrinə görə, baharın qədəm qoyması ilə əlaqədar mərasimlər “Yengi Kun” adı ilə Hunlar və Göytürklər dövründə bayram kimi qeyd edilirdi. Miladdan öncə ikinci əsrdə yaşamış Çin tarixçisi Simaçen “Tarixi xatirələr” adlı əsərində Hun hökmdarlarının yeni ildə - Novruzda bayram keçirdiklərini qeyd edib.
Novruz, yuxarıda yazdığım kimi bütün türkdilli xalqlar üçün əziz bir bayramdı və hər xalqın bu bayramla bağlı öz ölkəsinə xas adət-ənənəsi var. Məsələn Türkiyənin Cənub Şərqi Anadolu bölgəsində Qaziantep və onun ətrafında 22 mart gününə “Sultan Novruz” adı verilib. Bu bölgədə, eləcə də Qarsda Azərbaycanda olduğu kimi, qapı pusma, baca-baca adətləri yaşadılır. İranda Novruzda süfrələrdə fərqli bir səməni olur və bu səməni ən çox mərcidən göyərdilir. Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var. Qırğızlar bunu qədim türk şamanlarından qalma adət hesab edirlər. Onlar “Alas-alas, hər bəladan xilas”,- deməklə, öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər. Qırğızlarda darı yarmasından “Nouruz köcö ” adlı bayram yeməyi hazırlanır. Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu- quzu ətindən və əriştəyə oxşar un məmulatından bişirilir. Əllə yeyildiyinə görə də elə bu yeməyə beşbarmaq deyilir.
Tacikistanda isə Novruz martın 20-dən başlayır, 3-4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür - ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verirlər. Həmçinin Novruz günü bir-birlərini qucaqlamaq və danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək taciklərin ən əski adətlərdəndir. Tacikistanın bölgələrində təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun.
Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində və vilayətlərində Novruza həsr edilmiş şənliklər hətta bir həftəyə qədər davam edir. Novruz süfrəsi üçün "nişala" hazırlayırlar. Nişala şəkərdən bişirilir- ağ şokolad kimi olur.
Ən maraqlısı isə odur ki, bu bayramda hər bir simvolun özünə məxsus bir açıqlaması var. Məsələn elə Novruzda hər evdə bişirilən bayram şirnilərini götürək. Bu şirnilər həm sakral həm də astranomik məna daşıyır. Məsələn Şəkərbura təzə çıxmış ayın rəmzidi və həmçinin boylu qadın rəmzidir və üstündəki naxışlar isə qoruyucu duadır. Paxlava insan yaranışının rəmzi, qoğal yer və günəş rəmzi bəzi regionlarda bişirilən partlava çörək də günəş rəmzidir.
Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur.
Sevindirici haldır ki, artıq Novruz bayramını Zəfər qələbəsindən sonra doğma Qarabağımızda da böyük ruh yüksəkliyi ilə qeyd edirik. Bu qələbəni bizə bəxş edən əziz Prezidentimiz İlham Əliyevi, Azərbaycanda yaşayan bütün vətəndaşları təbrik edirəm.
Вернуться назад