DataLife Engine > siyaset / gundem > Dövlətimiz məhz fövqəladə zəka sahibi Heydər Əliyevin sayəsində müasir dövlətçilik konsepsiyasını yaratmağa müvəffəq oldu

Dövlətimiz məhz fövqəladə zəka sahibi Heydər Əliyevin sayəsində müasir dövlətçilik konsepsiyasını yaratmağa müvəffəq oldu


9-05-2022, 19:04. Разместил: heqiqet Dövlətimiz məhz fövqəladə zəka sahibi Heydər Əliyevin sayəsində müasir dövlətçilik konsepsiyasını yaratmağa müvəffəq oldu Milli dövlətçiliyin qorunması və möhkəmləndirilməsi təkcə tarixi şans və milli iradə nümayişi ilə deyil, həm də lider amili ilə şərtlənir. Minilliklərin sınağından çıxmış təcrübə göstərir ki, fenomenal keyfiyyətlərə, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki dövlət yarada bilməmiş, hətta dünya səhnəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşiblər. Bu mənada, liderin siyasi iradəsindən çox şey, ən başlıcası isə onun təmsil etdiyi ölkənin taleyi asılıdır.
Müasir dünyanın siyasi xadimləri arasında çox az şəxsiyyət tapmaq olar ki, mənsub olduğu xalqın tarixi ilə Heydər Əliyev qədər ardıcıl, məhsuldar və səriştəli bir şəkildə məşğul olsun. Heydər Əliyevin mənsub olduğu, uzun zaman peşəkarlıqla rəhbərlik edib möhkəmləndirdiyi dövlətin və xalqın tarixi haqqında fikirləri heç vaxt elmi dəyərini, fəlsəfi mahiyyətini itirməyəcək. Onun tariximiz haqqındakı mülahizə və qeydlərini dövlət səviyyəli əməli fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyil. Çünki o, doğulduğu torpağa, xalqa, onun tarixinə bağlı adam idi. Xalqın taleyüklü məsələlərinə aydın gözlə baxırdı.
İndi dünya dövlətləri sırasında özünü təsdiq etmiş Azərbaycan məhz fövqəladə zəka sahibi Heydər Əliyevin sayəsində müasir dövlətçilik konsepsiyasını yaratmağa müvəffəq oldu. Ulu öndər Azərbaycan şəraitinə uyğun olan hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu strategiyasını işləyib hazırladı və bu məfkurənin müəyyən mərhələlərinin həyata keçməsinin təminatçısı şəxsən özü oldu.
Heydər Əliyev qeyd edirdi ki, “milli ideologiya xalqımızın özü ilə, gələcəyi ilə bağlı olmalıdır.” Ərazi bütövlüyünü və xalqın həmrəyliyini təmin etmək Azərbaycan ideologiyasının əsas məfkurəsidir. Azərbaycançılıq milli istiqlal hərəkatının nəticəsidir. Deməli, bu ideologiya müəyyən bir sinfin, partiyanın, siyasi qurumun yox, bütöv xalqın ideologiyası, onun birliyinin ifadəsidir.
1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri milli məğlubiyyət sindromu yarada bilərdi. Lakin, ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində xalqımız bu fəlakətdən qurtuldu. Heydər Əliyev Azərbaycan xalqının dizini qatlanmağa qoymadı, arzusunda olduğu Azərbaycan dövlətinin dayaqlarını möhkəmləndirə bildi.
Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, təvəllüd günü də xalqımız üçün bir o qədər böyük bayramdır.
Bir bayramın böyüklüyü ilk növbədə həmin bayramla bağlı olan hadisənin xalqın tarixində tutduğu yer və dövlətin taleyində oynadığı rol ilə ölçülməlidir. Bu baxımdan yanaşsaq, milli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, onun təvəllüd günü də xalqımız üçün bir o qədər böyük bayram sayılmalıdır. Ulu öndərin Azərbaycan tarixindəki yeri isə misilsizdir. Çünki o, Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Hər bir xalqın taleyində bunu etməyi bacaran bir, ya iki insan olur, ya olmur.
10 may təqvim günü hər il həm Azərbaycanda, həm də dünyada azərbaycanlılar yaşayan ölkələrin demək olar ki, hamısında qeyd edilir. Cəmiyyətin bütün təbəqələri bu günün əlamətdarlığını hiss edirlər. Bu da təbiidir: dövlətçiliyin əsasını qoyan şəxsin doğum günü elə həm də dövlətçiliyin ən vacib tarixlərindən biridir.
Ümummilli liderlə bağlı tarixi günlərin adətən dünyanın hər yerində qeyd olunması, müxtəlif xalqların təmsilçilərinin onun haqqında böyük fikirlər söyləməsi çox maraqlı məqamdır. Çünki adətən bir xalq digərinin siyasi liderinə ya biganə, ya da qısqanc yanaşır. Yalnız böyük tarixi şəxsiyyətlər hər yerdə maraq və ehtiram doğururlar. Ulu öndərin anılma coğrafiyası onun da məhz bu kateqoriyaya aid olduğunu təsdiqləyir. Belə ki, Amerika konqresmenlərindən tutmuş, Rusiya prezidentinə qədər dünyanın hər yerində Heydər Əliyevin barəsində xoş sözlər deyilirsə, bu, bir şeyi təsdiqləyir: Onun məhz dünya miqyaslı tarixi şəxsiyyət olmasını. Heydər Əliyevin tarixi rolu dünyada getdikcə daha böyük qiymət alır. Məhz buna görə müxtəlif ölkələrdə Ulu Öndərə abidələr qoyulur, muzeylər açılır... Axı böyük şəxsiyyətlər bir xalqa aid olmurlar! Böyük şəxsiyyələr bütün dünyaya məxsusdurlar. Məhz bu səbəbdən biz digər xalqların yetirdiyi dahi insanları öyrənir, tanıyır və sevirik. Və məhz bu səbəbdən başqa xalqlar da bu dahi insana belə maraq göstərirlər.
Dövlətimiz məhz fövqəladə zəka sahibi Heydər Əliyevin sayəsində müasir dövlətçilik konsepsiyasını yaratmağa müvəffəq oldu
Həsənova Eleonora Həsən qızı,
Azərbaycan Milli Koservatoriyasının tərkibində İG-nin müəllimi, bioloq, psixoloq, “Qızıl qələm” media mükafatı laureatı

Вернуться назад