Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir
4-05-2023, 11:53. Разместил: heqiqet
Bu baxımdan XX əsrin 70-ci illərini Azərbaycanın ilk inkişaf mərhələsi kimi adlandırmaq olar. O dönəmdə Ulu Öndərin gərgin, ardıcıl işinin, tətbiq etdiyi düzgün və səmərəli idarəetmə modelinin nəticəsi olaraq artıq 1982-ci ildə ötən onilliklə müqayisədə məcmu ictimai məhsul 2.3, milli gəlir istehsalı 2.3, sənaye məhsulları istehsalı 2.2, kənd təsərrüfatı məhsulları istehsalı 2.2 dəfə artmış, nəticədə pərakəndə ticarət dövriyyəsi 79 faiz yüksəlmişdir. Daha sonra 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin qədirbilən Azərbaycan xalqının təkidi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etdi.
Belə ki, 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması müstəqil Azərbaycanın iqtisadiyyatının əsasını və gələcək davamlı inkişafını təmin etdi.
Ümummilli Liderin andiçmə mərasimində söylədiyi “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” sözləri öz təsdiqini əməli işdə tapdı.
Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çox böyük cəsarətlə çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya prioritet olmuşdur. Ümummilli Liderin qeyd etdiyi kimi: “Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır.”
Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə, beynəlxalq müqavilələrin imzalanmasına nail oldu, eyni zamanda sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü iqtisadiyyat modelinin əsasını qoydu. İqtisadiyyatımızın şəxaləndirilməsində əhəmiyyətli rola malik, qeyri-neft sektorunun sütünlarından sayılan kənd təsərrüfatı sahəsi də məhz Ulu Öndərin rəhbərliyi altında inkişaf etməyə başladı.
Təbiətin Azərbaycana verdiyi imkanlardan və potensialdan yalnız Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı illərdən etibarən daha geniş, düzgün və səmərəli istifadə edilməyə başlanmışdır.
Heydər Əliyev xalqımızın əvəzsiz sərvəti olan torpaqdan, xüsusilə əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını öyrətdi. Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut etdi, bu sahədə, sözün əsl mənasında, dönüş yaratdı.
1994-cü ildə Prezident Sarayında kənd təsərrüfatı problemlərinin həllinə həsr olunmuş müşavirədə çıxışı zamanı Ulu Öndər demişdi: “Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur. Sənayenin də bir hissəsi, ola bilsin, böyük bir hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı olduğuna görə kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti var.”
Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan enerji siyasətinin inkişafı da Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycanın neft yataqlarını ən böyük milli sərvətimiz adlandıran Heydər Əliyev hər zaman bu sərvətin gələcək nəsillər üçün də əhəmiyyətini vurğulayıb. 1994-cü ildə Ulu Öndərin rəhbərliyi ilə imzalanmış Əsrin Müqaviləsini mükəmməl icra etmiş Azərbaycan bütün tərəfdaş dövlətlərin, habelə iştirakçı beynəlxalq konsorsiumların etibarını qazandı. Bu gün əsası qoyulmuş həmin enerji siyasəti Prezident İlham Əliyev tərəfindən dövlət maraqlarının təmin olunması üçün hər bir sahədə məharətlə istifadə olunur.
Manaf Manafov,
Nərimanov Rayon MKTB-nin rəisi
Вернуться назад