DataLife Engine > siyaset / gundem > Prezident İlham Əliyevin siyasət nəticəsində Azərbaycan güclü, inkişaf edən, beynəlxalq nüfuza malik dövlətə çevrilib

Prezident İlham Əliyevin siyasət nəticəsində Azərbaycan güclü, inkişaf edən, beynəlxalq nüfuza malik dövlətə çevrilib


21-10-2023, 22:10. Разместил: heqiqet Keçən 20 il ərzində ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə olunan böyük uğurların əsas səbəbi, Prezident İlham Əliyevin öz siyasətini elmi əsaslara və milli maraqlara söykənən möhkəm təməl üzərində qurması və Heydər Əliyev siyasətini yeni şəraitin tələblərinə uyğun, yaradıcı ruhda davam etdirməsidir. Ali Baş Komandan həm Azərbaycan, həm də dünya tarixinə hakimdir. İnsanlara mehriban və səmimi münasibət bəsləyən, xalqın, hər bir ölkə vətəndaşının taleyinə qayğı ilə yanaşan ölkə başçımızda liderlik üçün bütün xüsusiyyətlər var. O, öz müsahibələrində, xalqa müraciətlərində və mətbuat konfranslarında diplomatik gücünü layiqincə ortaya qoyur. Müasir dünya təcrübəsi göstərir ki, iqtisadi cəhətdən güclü olmayan dövlətin nəinki daxili siyasətdə - hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində, eləcə də xarici siyasətdə - yaxın və uzaq dövlətlərlə, beynəlxalq aləmlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması sahəsində hər hansı ciddi uğurundan danışmaq çətindir.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə, qalib ölkəyə çevrilib. Ümummilli liderin müdrik, uzaqgörən, daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində keçmiş Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, uzun illər işğal altında qalan torpaqlarımız düşmən əsarətindən azad edildi. Tamamilə yer üzündən silinmiş Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın və digər ərazilərimizin qüruru özünə qaytarıldı, yeni bir Qarabağ və Şərqi Zəngəzur qurmaq uğrunda indi sözün əsl mənasında mücadilə aparılır. Xankəndidən dünyaya səslənən Liderimiz bildirdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir.
İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın silahlı qüvvələri darmadağın edilib. Prezidentimiz bu dövrdə əsl lider kimi, çıxış edərək xalqımızın birliyini təmin edib. Xalqımız 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyi ilə tam birlik nümunəsi göstərib. Bu dövrdə hər kəs qürurla və güvən hissi ilə böyük sərkərdə, cəsur liderin arxasında durub. Prezident İlham Əliyev isə bu güvən hissini heç vaxt sarsıtmayıb, öz şücayəti, ağıllı qərarları ilə tarix boyu davam edən münaqişəni Azərbaycanın lehinə yekunlaşdırıb, ölkəmizin suverenliyini təmin edib.
Son 20 ildə Azərbaycanın neft strategiyasının prioritet istiqamətlərindən biri də məhz neft və qaz ehtiyatlarının müxtəlif marşrutlarla dünya bazarına çıxarılması (nəql yollarının diversifikasiyası) olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu müddət ərzində nəzərdə tutduğu ixrac layihələrini uğurla reallaşdırmış, özünü bütün dünyada məsuliyyətli və etibarlı tərəfdaş kimi tanıtdırmışdır.
Onu da qeyd edək ki, Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə kompyuter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Bu reallıq nəzərə alınaraq dövlətin uğurlu elm və təhsil siyasəti, bu sahədə özünü göstərən bir sıra problemlərin həlli mühüm əhəmiyyət kəsb edir. Bir faktı da qeyd edək ki, ölkədə təhsilə xüsusi diqqət yetirilməsi respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Ona görə də təhsilin bütün istiqamətlər üzrə proporsional inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamağa münbit şərait yaratmışdır.
İstər ölkə daxilində, istərsə də ölkə xaricində bütün mütərəqqi qüvvələr Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətə böyük inam bəsləyir və dəstəkləyir. Möhtərəm İlham Əliyevin milli maraqlara sədaqəti və onları qorumaq məharəti, geostrateji düşüncə tərzi, idarəçilik qabiliyyəti kimi fenomenal xüsusiyyətləri onu Azərbaycan Prezidenti vəzifəsində, faktiki olaraq alternativsiz edir. Möhtərəm Prezidentin həyata keçirdiyi müdrik daxili siyasəti xalqımızın azad, təhlükəsiz və firavan yaşamasına ünvanlandığı kimi, xarici siyasəti də regionda sülh və sabitliyin təmin olunması, yaxın və uzaq ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, qlobal enerji - kommunikasiya layihələrinin həyata keçirilməsi kimi xalqımızın və bütün dünyanın dəstəklədiyi məsələlərin həllinə yönəlmişdir. Ümummilli liderimizin arzusu olan bu məsələlər möhtərəm Prezidentimizin hədəfindədir.
Prezident İlham Əliyevin siyasət nəticəsində Azərbaycan güclü, inkişaf edən, beynəlxalq nüfuza malik dövlətə çevrilib
Ləzifə Nağı qızı Qasımova,
BDU-nun Pedaqogika kafedrasının müdiri,
pedaqogika elmləri doktoru, professor.

21.10.2023
Вернуться назад