Prezident İlham Əliyevin iyirmi illik gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunub
30-10-2023, 13:16. Разместил: heqiqet
Cənab Prezident ona görə dediklərini reallığa çevirə bilir ki, xalq ona inanır, etimad göstərir və hər addımda dəstəkləyir. Ona görə də dövlət başçımız Xankəndidə xatırlatdı ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq”.
Bəli, Xankəndi, Ağdərə, Əsgəran, qan yaddaşımız Xocalı, Xocavənd, ümumən, Qarabağ son yüz ildə heç vaxt indiki qədər Azərbaycan olmamışdı. Qarabağın Azərbaycan olmasına imkan verilmədiyini də xatırlamaqla, hadisələrin xoşagəlməz şəkil almasına maneçilik törətmək üçün böyük səylərin göstərildiyini də mütləq qaydada yada salmalıyıq. Ona görə də Cənab Prezident böyük qədirbilənliklə xatırlatdı ki: “Bu gün Ulu öndərin, bizim bu günümüzü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olublar”.
Ulu öndərin 1987-ci ildə SSRİ-də tutduğu mühüm dövlət postundan uzaqlaşdırılmasından sonra baş verənlər də hər kəsin yaxşı xatirindədir. Heydər Əliyevin gedişindən heç iki həftə keçməmiş Qarabağda erməni avantürizmi baş qaldırdı. Bax, o illərdə o binada oturanlar, bütün erməni və Azərbaycan xalqlarının faciələrinin səbəbkarlarıdır. Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə”. Bəli, Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı başımıza gələcək bəlaların qarşısını aldı. Ölkəmiz müstəqilliyini itirməkdən xilas oldu.
Nəhayət, 2003-cü il oktyabrın 15-də Heydər Əliyevin Qarabağ ideyalarının gerçəkləşməsinə yeni start verildi. Prezident İlham Əliyevin iyirmi illik gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunub. Xalqın İlham Əliyev şəxsiyyətinə inamının nəticəsi idi ki, cəmi 44 gün ərzində düşməni diz çökdürdük, onu ağ bayraq qaldırmağa məcbur etdik.
Qətiyyətlə söyləyə bilərik ki, bu gün tarixi anların şahidləriyik. Söhbət Azərbaycan Bayrağının Xocavənddə, Xocalıda, Əsgəranda, Ağdərədə və nəhayət, Xankəndidə dalğalanmasından gedir. Son iki yüz ildə heç vaxt bu qədim diyarımızın bizə məxsusluğunun xoşbəxtliyini bugünkü qədər yaşamamışıq.
İstər 44 günlük müharibə, istərsə də 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri göstərdi ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına nəinki imkan verməyəcək, əksinə, bu xülyaya düşənlərə qarşı barışmaz olacaq. Bəli, bu gün Xocalı qatilləri, Qarabağdakı separatçı rejimdə təmsil olunanlar Bakıda mühakimə olunurlar. Haqq və ədalət öz yerini tapır.
Sücəddin Əbdülov,
"Tərəqqi" medallı, Lənkəran Şəhər Uşaq Xəstəxanasının nəzdində olan Zona Uşaq Reanimasiya şöbəsində 23 il şöbə müdiri işləmiş, ali dərəcəli sertifikat almış reanimatoloq
Вернуться назад