DataLife Engine > tehsil / gundem > 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri


19-01-2024, 13:06. Разместил: heqiqet 20 Yanvar faciənin ildönümü ilə əlaqədar Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə anım mərasimləri, sərgilər, konfranslar keçirilir, bu qanlı qırğın, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığı bütün dünyaya çatdırılır.
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 34 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.
Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın ovaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.
Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Məhz ümummilli lider Heydər Əliyevin bu cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri də Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pislədi.
Əlbəttə, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.
Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı, SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu.
Vaxtında dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncamlar və fərmanlar verib. Bundan başqa, əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. Ötən il əlil və şəhid ailələrinə yeni mənzillər verilib ki, onların arasında 20 Yanvar əlilləri və şəhidlərinin ailələri də var. 20 Yanvar faciəsində şəhid olan şəxslərin ailələrinə Prezident təqaüdü verilir.
Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlətimizin başçısının diqqətindədir.
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri
İlqar Əliyev,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdmanın oyun növləri kafedrasının müdiri, dosent, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Azərbaycan bayrağı” və bir çox mükafatlar laureatı
Вернуться назад