DataLife Engine > tehsil > Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası professor Mahirə Hüseynovanın araşdırmalarında

Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası professor Mahirə Hüseynovanın araşdırmalarında


26-04-2024, 21:46. Разместил: heqiqet Könül Nərimanqızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Filologiya fakültəsinin dekanı
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli tədqiqi ilə bağlı çoxsaylı problemlərin öyrənilməsində indiyə kimi mühüm nailiyyətlər əldə edilsə də, yada salmalıyıq ki, türk dillərinin dialektlərinin hər biri ayrı-ayrılıqda öz ilkinliyinə, miqyasına, tarixi-linqvistik faktlarına görə olduqca zəngindir və bu dillərin dialektlərində fonetik, leksik, qrammatik xüsusiyyətlərin hərtərəfli araşdırılması türkologiyanın ən aktual vəzifələrindən biridir. Azərbaycanda dialektologiyanın tədqiqinə keçən əsrin 20-30-cu illərində başlanılmış, əvvəlcə dialektoloji materialın toplanılmasına start verilmiş, sonrakı mərhələdə isə dialekt və şivələrdən toplanmış materiallar, fonetik, leksik, qrammatik, struktur-semantik, sintaktik yöndən müqayisəli tarixi metod müstəvilərində araşdırmaya cəlb edilir və yeri gəldikcə Azərbaycan dilinin dialekt və şivələrinə məxsus sözlərin qohum türk dillərinin leksik vahidləri ilə müqayisəli tipoloji xüsusiyyətləri, oxşar və fərqli cəhətləri də tədqiq olunur. İstər Azərbaycan, istərsə də türk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası tarix boyu müxtəlif mərhələlərdən keçmiş, hazırda həm Azərbaycanda, həm də türkdilli xalqlarda dialektoloji tədqiqatların istiqamətləri genişlənməkdədir və bu sahədə Azərbaycanda görülən işlər böyük vüsət almaqdadır. Məlumdur ki, dialektoloji vahidlərda dilin bir çox arxaikləşmiş, hətta məhv olmuş hesab edilən qədim reliktləri qorunub saxlanılır. Həmin ünsürlərin türk dilləri ailəsinə daxil olan dillərdə müqayisəli şəkildə öyrənilməsi də Mahirə Hüseynovanın “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” kitabının qiymətini artırır. Monoqrafiyada türk dilləri dialektlərinin (oğuz va qıpçaq qrupu) bu və ya digər türk dillərinin ədəbi dillərə inteqrasiyasında əsas rol oynayan dialektləri
müəyyənləşdirilir və bununla qədim türk protodilləri rekonstruksiya edilir.
Filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın çoxsaylı dialektoloji araşdırmaları ilə Azərbaycan dilçilik elmini zənginləşdirən və onu müxtəlif istiqamətlərdə inkişaf etdirən istedadlı tədqiqatçılardan biridir. Bu görkəmli alim təkcə dialektologiya sahəsində tədqiqatlarla deyil, Azərbaycan filologiyasının müxtəlif sahələri ilə mütəmadi məşğul olan görkəmli alimlərimizdəndir. Fundamental yaradıcılığa malik Mahirə Hüseynovanın 2020-ci ildə “ADPU” nəşriyyatında çap etdirdiyi “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” böyük həcmli əsərində ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası və eyni zamanda uyğunlaşdırılmış sözlərin fonetik, qrammatik, leksik, semantik yöndə tarixi, genetik və struktur funksional resursları zəngin dialektoloji və türkoloji mənbələr əsasında geniş şəkildə nəzərdən keçirilmişdir. Azərbaycan, o cümlədən türkcələrin dialekt və şivələrinin müqayisəli təhlili ilə bağlı çoxsaylı problemlərin öyrənilməsində mühüm nailiyyətlər əldə edilmişdir. Qədim, zəngin, ortaq tarixi köklərə əsaslanan Azərbaycan, türk, qazax, özbək, tatar, türkmən, qırğız, qumuq, noqay, çuvaş, başqırd, qaraqalpaq, yakut, krım tatarları, axıska türkləri, tuva, qaqauz, qaraçay-balkar, xakas, altay, şor, karayim və s. türkdilli xalqların mədəniyyətləri qloballaşan dünyada özünəməxsus xüsusiyyətlərini qoruyub saxlayaraq müasir bəşər sivilizasiyasında öz layiqli yerini tutmaqdadır. Bu xalqların tarixləri, mədəniyyətləri, ortaq bir kökə malik olduğu kimi, dilləri və ya dialekt və şivələri də eyni kökə əsaslanır. Aydın məsələdir ki, qohum türk dillərinin dialekt və şivələrinin müqayisəli dilçilik elminin prioritet sahələrindəndir və bu sahədə Türkiyədə, Azərbaycan, Özbəkistanda, Türkmənistanda, Qazaxıstanda, Qırğızıstanda, Tatarıstanda və s. türkdilli xalqlarda dəyərli məqalələr, monoqrafiyalar, dissertasiyalar yazmış, dialektoloji atlas və lüğətlər tərtib edilmişdir.
Tədqiqatçının 600 səhifədən ibarət olan “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” adlı monoqrafiyası 7 fəsildən ibarətdir. “Azərbaycan dilçiliyində ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri” adlı paraqraf 163 səhifədən ibarət olmaqla Azərbaycan dilçilərindən akademik Məmmədağa Şirəliyevin, Ağamusa Axundovun, Tofiq Hacıyevin, professorlardan Fərhad Zeynalovun, Həsən Mirzəyevin, Elbrus Əzizovun, Bayram Əhmədovun, İsmayıl Kazımovun, Məhərrəm Məmmədlinin, Hüseyn Əsgərovun, Əzizxan Tanrıveriyevin, Buludxan Xəlilovun, Kamil Bəşirovun bu sahədə apardıqları araşdırmalar ayrı-ayrılıqda xülasə edilərək ümumiləşdirilmişdir.
Professor Mahirə Hüseynovanın “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” adlı monoqrafiyasının “Ümumtürk dillərinin və şivələrinin qarşılıqlı inteqrasiyası” adlı ikinci fəslində tədqiqatçı dialektoloji mənbələrə əsaslanaraq türkcələrin dialekt və şivələrinin təsnifində əsasən tarixi, coğrafi prinsipə daha çox üstünlük verdiyini göstərmiş və düzgün olaraq qeyd etmişdir ki, bu da ənənədən irəli gəlmiş və türkologiyada uzun müddət türkcələrin əksəriyyərində dialektlər bu prinsip əsasında təsnif olunmuşdur.
Tədqiqatçı monoqrafiyanın üçüncü fəslini “türkcələrin dialektal bölünməsi”nə həsr etmişdir. Burada türk, Azərbaycan, qazax, özbək, tatar, türkmən, qırğız, qumuq, noqay, çuvaş, başqırd, qaraqalpaq, yakut, krım tatarları, axıska türkləri, tuva, qaqauz, qaraçay-balkar, xakas, altay, şor, karayim, dolqan, kaşqar, topalar, kazan dillərinin dialekt bölünməsindən ətraflı şəkildə danışmışdır.
Monoqrafiyanın dördüncü fəsli “Fonetik xüsusiyyətlər” adlanır. Ümumtürk dilləri dialekt və şivələri fonetik xüsusiyyətlərinə görə türkcələrin ədəbi dilləri ilə müqayisədə oxşar və fərqli cəhətlərə malikdir və saitlərin, samitlərin variantlarının ahəng qanununun səslərin keçidlərinin, assimilyasiya, dissimilyasiya, diftonqlaşma və s. fonetik hadisələrin, qohum dillərin fonetikasında əksinin tədqiqi olduqca aktuallıq kəsb edən məsələlərdəndir.
Qloballaşan dünyada “...müasir türkologiyanın qarşısında duran mühüm problemlərdən biri də qohum dillərin fonetik baxımdan müqayisəli tədqiqi ümumi inkişaf qanunauyğunluqlarını, hər birinin oxşar və fərqli xarakterin cəhətlərini aşkara çıxarmağa köməklik göstərir”.
Ümumtürk dillərinin fonematik quruluşundan bəhs edən professor Buludxan Xəlilov yazır ki, türk dillərinin dəfələrlə ayrılması, birləşməsi nəticəsində hər bir türk dilinin fonetik quruluşunda fərqi cəhətlər yaranmağa başlamışdır. Türk dillərinin fonetik quruluşunda vokalizm və konsonantizm fərqlənir. Vokalizmdə türk dillərinin əksəriyyətində eyni olan səkkiz sait fonemin olmasıdır. “ə” saiti olan dillərdə 9, “ə”, “ı” və “ü” fonemi olmayan özbək dilində isə 6. Türk dillərində olan səkkiz fonem (a, e, o, ö, i, ı, u, ü) ancaq sözün ilk hecasında (şəkilçilərdə isə a, e, ö, i) müşahidə edilir. Protürk dövründə bəzi tədqiqatçılar səkkiz, doqquz saitin (B.B.Radlov), bəziləri isə on iki (Poppi) saitin olduğunu söyləyirlər. A.M.Şerbak qədim türk dilində səkkiz uzun və səkkiz qısa saitin olduğunu irəli sürür. Uzun saitlərin diftonqların, eləcə də “ə” saitinin varlığını, monqol və İran dillərinin təsiri ilə izah edənlər də vardır. Lakin bu düz deyildir. S. Bonfey və T. Poppi iddia edirlər ki, əcdad Hind-Avropa dillərində üç sait – a, i, u olmuşdur. Koelits və başqaları sübut etmək istəyirdilər ki Hind-Avropa dillərində iki sait-e, o çox olub, sonralar bu iki sait “a” saitini yaratmışdır. Tədqiqatçı həmin fəsildə “Ümumtürk dilləri dialekt və şivələrində” sait səslərin, keçidlərin, diftinqlaşma, ahəng qanunu, proteza, saitlərin düşümü, samit səslərin keçidləri, türkcələrin ədəbi dillərində və dialektlərində erze münasibətini “n” samitinin türkcələrin ədəbi dillərində və dialektlərində səslənmə variantlarını, assimilyasiya, dissimilyasiya, metateza hadisələrini zəngin nümunələr əsasında düzgün xarakterizə etmişdir.
“Monoqrafiyanın morfoloji xüsusiyyətləri” adlı beşinci fəsildə hal kateqoriyasının morfoloji göstəricisinin, mənsubiyyət kateqoriyasının morfoloji əlamətlərinin, kəmiyyət kateqoriyasının morfoloji göstəricilərinin, türkcələrin dialekt və şivələrində qarşılıqlı inteqrasiyasından danışılır və eyni zamanda feilə aid kateqoriyaların morfoloji inteqrasiyasından da geniş şəkildə bəhs olunur. Tədqiqatçı düzgün olaraq qeyd edir ki, türkcələrin ədəbi dili inkişaf etdikcə sabitləşdikcə ayrı-ayrı dil vahidlərinin dialekt həddində müəyyənləşməsi prosesi genişlənmişdir və bu baxımdan morfoloji kateqoriyalarda zəngin qrammatik xüsusiyyətlər daşımışdır.
Əsərin altıncı fəsli leksik xüsusiyyətlər adlanır və bu fəsil on bir bölməni özündə ehtiva etdirir. Müxtəlif peşələrlə bağlı leksik vahidlər, tayfa, nəsil adlarını bildirən sözlərin, qohumluq münasibətini bildirən leksik vahidlərin, təsərrüfat terminlərinin, toy mərasimi leksikasının, yemək və içki adlarının, xalq danışıq coğrafiya terminlərinin, atçılıq terminlərinin ümumtürk dillərinin dialektlərinə qarşılıqlı inteqrasiyası problemləri ətraflı şəkildə analiz edilmiş, türkologiya elmi üçün xüsusi əhəmiyyət daşıyan elmi ümumilıəşdirmələr meydana çıxarmışdır.
Monoqrafiyanın “Bədii əsərlərin tarixi sənədlərin dilində dialektizmlər və onların ümumtürk dillərinə qarşılıqlı inteqrasiyası” adlı üçüncü fəsli dörd paraqrafdan ibarətdir və bu paraqrafların hər birində ayrı-ayrılıqda klassik şairimiz Nəsiminin, klassik yazıçı, dramaturq Əbdürrəhim bəy Haqvediyevin əsərlərində və eyni zamanda “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə əksini tapmış dialektizmləri leksik-semantik xüsusiyyətlərindən geniş danışılımış və düzgün olaraq müəllif belə nəticəyə gəlmişdir ki, klassik və müasir Azərbaycan söz sənətkarlarının əsərlərində dialektizmlər bu və ya digər məqsədlər üçün işlədilir ki, ədiblər real şəraiti təsvir edərkən üslubi əlvanlıq yaradarkən, təkrara yol verməmək üçün belə nitq vahidlərinə müraciət etməli olmuşdur. Bədii əsərlərdə və poetik örnəklərin, tarixi sənədlərin dilində əksini tapan dialektizmləri qohum dillərin faktları ilə tutuşdurmaq, müqayisə yolu ilə öyrənilməsinə aktuallıq kəsb edən məsələlərdəndir.
Əsərdəki yenilikləri müəllif aşağıdakı kimi göstərir:
Türk dillərinin dünya dilləri sırasında yerinin dəqiqləşdirilməsi;
Türk xalqlarının tarixi və inkişaf mərhələlərinin təsnifatına yeni baxış;
Türk dillərinin dialekt bölünməsi;
Dialekt sözlərinin müxtəlif ədəbi dillərə inteqrasiyası;
Türk dillərinin fonetik, leksik vo morfoloji xüsusiyyətlərinin oğuz və qpçaq qrupu dilləri üzrə şərhi;
Türk dillərinin dialekt bölünməsinin, türk xalqlarının tarixi və inkişaf mərhələlərinin təsnifatına yeni elmi baxışı müəyyənləşdirməklə qohum dillərin
dialektlərinin istiqaməti və bölümlərini müəyyənləşdirmək və türklərin (oğuz və
qıpçaq qrupu əsasında) dialektlərinin ədəbi dilə inteqrasiyasında dominant dilin
rolunu dəqiqləşdirmək.
Bugünkü türk xalqlarının dialektlərinin və eyni zamanda onların tarixi-etnik-genetik köklərinin dərindən öyrənilməsində professor Mahirə Hüseynovanın “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” əsəri olduqca böyük rola malikdir. Çağdaş zəmanəmizdə türk xalqları arasında ortaq ünsiyyət dilinin formalaşması prosesində də bu mənbəədn istifadənin misilsiz əhəmiyyəti vardır.


Вернуться назад