BMT-də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə 4-cü Könüllü Milli Hesabatı təqdim olunub
16-07-2024, 15:19. Разместил: heqiqet
Sahib Məmmədov deyib ki, hesabat 2030-cu il gündəliyində göstərilmiş DİM-in icrası ilə bağlı yerli və qlobal çağırışların yumşaldılması istiqamətində vacib fəaliyyət planı təqdim edilir.
Nazir müavini əlavə edib ki, Azərbaycanın DİM ilə bağlı qətiyyətli öhdəliyi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində göstərilmiş milli inkişaf gündəliyinə daxil edilib. Qeyd olunub ki, DİM-ə uyğun olaraq son 10 ildə Azərbaycanda dayanıqlı artım müşahidə olunub, minimum əməkhaqqı 3 dəfə, orta aylıq gəlirlər 2 dəfə və minimum təqaüd 2,4 dəfə artıb.
Bildirilib ki, ekoloji davamlılıq Azərbaycanın inkişaf siyasətinin əsas hissələrindən birini təşkil edir və enerji keçidi Azərbaycanın yaşıl iqtisadiyyata keçid gündəliyində mərkəzi mövqedə durur. “Azərbaycanın hədəfi 2026-cı ilə kimi elektrik enerjisi istehsalı sahəsində bərpaolunan enerjinin payını 24 faizə çatdırmaqdır. Bu rəqəmin 2030-cu ilə kimi 30 faiz olması planlaşdırılır. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə əsasən Azərbaycan istixana effekti yaradan qaz emissiyalarının həcmini 40 faiz azaltmağı qarşısına məqsəd qoyub. Bununla yanaşı biz Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiya zonasına çevirməyi hədəfləmişik. Azərbaycan bu il COP29 tədbirinə ev sahibliyi edəcək. Bu baxımdan nəzərəçarpan nəticələrə nail olmaq üçün qlobal dialoqun və əməkdaşlığın asanlaşdırılmasındakı rolumuzu həlledici hesab edirik”,- deyə nazir müavini qeyd edib.
O bildirib ki, Azərbaycan dayanıqlı inkişafla bağlı öhdəliklərinə sadiqdir və qlobal tərəfdaşlarla birlikdə çiçəklənən və dayanıqlı gələcək naminə işləməyə hazırdır.
Daha sonra Sahib Məmmədov Yüksək Səviyyəli Siyasi Forum iştirakçılarının Könüllü Milli Hesabatla bağlı suallarını cavablandırıb.
Вернуться назад