DataLife Engine > --- > Xeyirli əməllər carçısı - Mehriban xanım Əliyeva

Xeyirli əməllər carçısı - Mehriban xanım Əliyeva


16-08-2024, 11:15. Разместил: heqiqet Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın 2004-cü ildə yarandığı ilk vaxtlardan on minlərlə insanın ümid qapısına çevrilmiş Heydər Əliyev Fondunun rəhbəri kimi yerinə yetirdiyi ictimai missiya, Milli Məclisin deputatı statusunda yaratdığı millət vəkilliyi örnəyi, ən əsası təşkilatçılıq qabiliyyəti, problemləri yoluna qoymaq əzmi, insanların halından anlamaq duyğusu, onların sevincini də, kədərini, qayğısını da hiss edə bilməsi Mehriban xanımı hamıya doğmalaşdırmışdı. Ona görə də Azərbaycan vətəndaşları Mehriban xanım Əliyevanı daha yüksək dövləti kürsülərdə görmək və onun xalqı qarşısında üzərinə böyük məsuliyyət götürməsini arzulayırdılar. Azərbaycan Prezidenti 21 fevral 2017-ci il tarixli sərəncamı ilə vətəndaşlarımızın bu arzusunu reallaşdırdı.
Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi insanlarımızda rahatlıq yaratdı. Bu təyinat onun xoş sorağı idi ki, bundan sonra ölkənin idarəetmə sistemində inkişafa doğru dəyişikliklər daha sürətli baş verəcək. Atılan addımlar, verilən qərarlar qısa zamanda öz hədəfinə çatacaq. Dövlət-vətəndaş münasibətləri daha da doğmalaşacaq. Mühafizəkar düşüncəli kimlərsə vaxtilə onlara həvalə edilmiş vəzifə səlahiyyətlərindən istifadə edərək dəyişikliklərə icra proseslərində müxtəlif üsullarla maneə yarada bilməyəcəklər.
Mehriban xanım Əliyeva bu təyinata qədər də dövlət-vətəndaş münasibətlərində yeni dəyərlər sisteminin formalaşmasına, ictimai inkişafa, ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin daha da möhkəmləndirilməsinə, mədəniyyətimizin təbliğinə fədakar əmək sərf etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin öz məqsədlərinə çatması, böyük uğurlar qazanması üçün dövlət rəhbərimizin ən yaxın silahdaşı kimi köməyini heç zaman əsirgəməmişdir.
İllərdir ki, Azərbaycan cəmiyyəti və dünya Mehriban xanım Əliyevanı uşaq evlərindəki, internat məktəblərindəki kimsəsiz körpələrin, qocalar evlərindəki ahılların doğma hamisi kimi tanıyır, rəğbət bəsləyir. Dövlətimizin bu sahələrlə bağlı həmişə sosial proqramları olub, bu proqramlar müəyyən səviyyədə yerinə yetirilib. Birinci xanımın yaratdığı fərq isə odur ki, o, dövlətə sığınmış kimsəsiz körpələrlə, qocalarla bağlı proqramları hər hansı inzibati iş, dövləti vəzifə kimi yerinə yetirmir. Mehriban xanım Əliyeva bu yerlərin sakinlərinə doğma ana, doğma övlad kimi yanaşır, onlara sahib çıxır. Beləliklə, dövlətlə vətəndaş arasındakı münasibətlər daha da yaxınlaşır, vətəndaşın öz dövlətinə inamı, güvəni güclənir.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dövlətimizin səhiyyə sahəsindəki sosial proqramları da yüksək diqqətlə, hər bir detal nəzərə alınmaqla, ciddi nəzarət altında və müasir tələblərə uyğun şəkildə həyata keçirilir. Səhiyyə xidmətləri vətəndaşlarımız üçün getdikcə daha əlçatan olur. Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü və birbaşa təşkilatçılığı ilə həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və inşası" kimi olduqca əhəmiyyətli layihələr, Bakıda yaradılmış müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları hər il minlərlə insanın həyatını xilas edir.
İki il öncə bütün dünyanı çənginə almış COVID-19 koronavirus pandemiyasının ağır təhlükələr törətdiyi, insanların sağlamlığı üçün qapanmaların zəruri olduğu günlərdə Mehriban xanımın cəmiyyətimizə narahat mesajlarını, çağırışlarını, bütün bunların yaratdığı ictimai rəğbəti, effektiv nəticələri də yaxşı xatırlayırıq.
Mehriban xanım Əliyevanın həyatı, yer üzünün ən dəyərli əşrəfi olan insanın ictimai missiyasını dərk etdiyi anlardan seçilmiş həyat qayəsidir. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsini də məhz belə bir məsuliyyət duyğusu ilə qəbul etdi və artıq daha geniş çevrədə, bu dəfə ümumdövlət səviyyəsində, daha böyük dövrədə fayda yaradacaq şəkildə davam etdirməyə başladı.
Öz fəaliyyətində milli maraqları əsas tutan hər bir siyasətçinin ən vacib missiyası və ən böyük uğuru bilavasitə onun təmsil etdiyi ölkəsi və xalqı ilə bağlı olur. Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də məhz bu rakursdan xüsusi diqqət çəkir. Mehriban xanım Əliyeva həmişə cəmiyyəti narahat edən, dövlətimiz və xalqımız üçün müstəsna əhəmiyyət daşıyan məsələlərin həlli üçün çalışır və buna nail olur. Mehriban Əliyeva başladığı və gördüyü bütün işlərdə qətiyyət, prinsipiallıq, xalqına və Vətəninə sonsuz məhəbbət nümayiş etdirir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərir. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. Əlbəttə, əsas diqqətini sosial məsələlərin, xüsusilə də əhalinin həssas qruplarının problemlərinin həlli üzərində cəmləşdirən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini məhz Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Bəhs olunan müşavirədə müvafiq qurumlar qarşısında bu sahədə görüləcək işlərlə bağlı konkret vəzifələr qoyan Mehriban xanım Əliyeva yeni mənzillərin, yeni binaların tikilməsi və inşa olunan binaların keyfiyyət standartlarına tam cavab verməsi ilə bağlı göstəriş verdi. İlkin mərhələdə dörd min köçkün ailəsini yeni mənzillə, həmçinin iş yerləri ilə təmin etmək vəzifəsi qarşıya qoyuldu. Qısa zaman ərzində Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün 1026 mənzildən ibarət müasir yaşayış kompleksinin təməlinin qoyulması, qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində onlara Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillərin verilməsi, iş adamlarının yardımı ilə bir çox ailənin yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi, eyni zamanda, digər rayon və qəsəbələrdə yeni binaların istifadəyə verilməsi ilə məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə icra edildiyini, görülən işlərin əhəmiyyətini göstərir.
Ölkənin birinci xanımı 1995-ci ildən - hələ Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratdığı və "Azərbaycan İRS" jurnalının nəşrinə başladığı günlərdən bəri Vətən naminə müxtəlif vəzifələr yerinə yetirmişdi. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bu ictimai vəzifələrin hər birində Azərbaycanın keçmişinə dərin sayğı duyan, amma bu gününə və gələcəyinə də bacardığı faydaları vermək istəyən vətənpərvər bir xanımın dərk edilmiş məsuliyyəti öz ifadəsini tapır: "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız".
Mehriban xanım Əliyeva xeyir əməllər carçısıdır. Xeyir əməllərin olduğu hər yerdə onu görə, adını duya bilərik. Bu günlərdə qardaş Türkiyədə baş verən və Azərbaycan xalqını da sarsıdan zəlzələdən zərərçəkənlərə yardım zərurətinin yarandığı anlarda da belə oldu. Zəlzələdən dərhal sonra Mehriban xanımın təşkilatçılığı, yaxından iştirakı ilə yardım dolu təyyarələr, yük maşınları Türkiyəyə göndərildi. Cəmiyyətimizin, vətəndaş cəmiyyəti institutlarımızın qardaş ölkəyə sistemli, mütəşəkkil dəstəyi təmin olundu. Azərbaycanın çətin sınaqla üzləşmiş qardaş ölkəyə köməyi, maddi və mənəvi dəstəyi yenə davam etməkdədir.
Bu günlərdə Mehriban xanım Əliyevanın doğum gününü qeyd edəcəyik. Bu münasibətlə Mehriban xanımı təbrik edir, uğun ömür can sağlığı, əməli və xeyirxah işlərində ona uğurlar arzulayıram!
Xeyirli əməllər carçısı - Mehriban xanım Əliyeva
Gülağa Tənha
xeyriyyəçi - şair
Вернуться назад