Vətən müharibəsində qazandığımız qələbənin tarixi əhəmiyyəti daha böyükdür
27-09-2024, 13:11. Разместил: heqiqet
O da həqiqətdir ki, Ermənistanın işğalı ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə yanaşı, milli qürurumuzu və milli kimliyimizi də hədəf seçmişdi. Amma bu iyrəncliyə, insanlıq əleyhinə hərbi cinayətlərə açıq və ya gizli şəkildə dəstək verməklə ona şərik çıxanlar anlamadılar və hələ də anlamırlar ki, siyasi iradə və əzm birliyinə güvənən cəmiyyətin inamını sındırmaq mümkün deyil. Çünki həmin dairələr xalqın iradəsinə söykənən qətiyyətli Lider faktorunun nələrə qadir olduğunu hesablaya bilmədilər. Ermənistan və onun arxasında dayanan bədxahlarımız indi də anlamırlar ki, ərazi bütövlüyü və suverenliyin qorunması Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti üçün milli ləyaqət səviyyəsində dayanan Haqq və Şərəf məsələsidir! Kimliyindən, ölçüsündən asılı olmayaraq, heç bir xarici qüvvə Şərəfi uğrunda hər cür fədakarlığa hazır olan xalqın və dövlətin qüruru ilə oynaya bilməz! Xalqımız bu məşəqqətli, eyni zamanda şərəfli yolda hansı məkrli dairələrin çoxəsrlik anti-Azərbaycan planının iflasa uğradıldığının fərqindədir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi həmin tarixi gerçəkliyi nə indiki, nə də gələcək nəsillər unutmamalıdır: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür.
Dövlət başçısı cənab İlham Əliyev VII çağırış Milli Məclisdəki məzmunlu çıxışında çox vacib məqamlara toxunaraq qeyd etmişdir: “Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir”. Ölkə başçısı ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildikdən sonra ölkəmizin qarşısında yeni imkanlar açıldığını vurğulayaraq, yeni dövrdə də bizim üçün vacib olan əsas hədəflərdən biri milli təhlükəsizliyin təmin edilməsi olduğunu diqqətə çatdırmışdır. Sözsüz ki, bu, Ermənistanda revanşist qüvvələrin baş qaldırması, onun əcnəbi havadarlarının qızışdırıcı bəyanatları ilə bağlıdır. Təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşadığını və onların İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmədiklərini bildirən Ölkə rəhbəri qeyd etmişdir: “Vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar”.
Göründüyü kimi, Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar bütün bunlar bir daha onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bütün bunlara baxmayaraq, dövlət başçısı cənab İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycanın şərtləri yerində qalır. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır. Ermənistan anlamalıdır ki, regionda və öz dövlətində sülh, əmin-amanlıq istəyirsə, bunlara əməl etməldidir. Ölkə başçısının “Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər” sözləri Azərbaycan dövlətinin, xalqımızın qarşıda duran vəzifələrə nail olunmasında bir addım belə geri çəkilməyəcəyini bir daha ortaya qoydu. Bir sözlə, Ölkəmizə qarşı ideoloji təxribatların davam etdiyi bir vaxtda bizə qarşı aparılan çirkin oyunların ifşası bundan sonra da davam etməlidir. Bu məsələdə hər kəs öz sahəsində əlindən gələni əsirgəməməlidir. Çünki müharibə başa çatsa da informasiya cəbhəsində mübarizə heç vaxt bitmir. Bu mənada ideoloji təxribatları neytrallaşdırmaq əsas vəzifələrdən biridir.
Bu möhkəm bünövrənin təməlini qoyan şəhidlərimizə Uca Allahdan rəhmət, doğmalarına və xalqımıza səbr, qazilərimizə şəfa və uzun ömür diləyirəm. Allah xalqımızı və dövlətimizi, Azərbaycan tarixinin möhtəşəm Zəfər səlnaməsinə imza atmış Müzəffər Ali Baş Komandanımızı və Qəhrəman Ordumuzu qorusun!
Вернуться назад