DataLife Engine > sosial / gundem > Xalqının bütün arzularını həyata keçirən Lider

Xalqının bütün arzularını həyata keçirən Lider


22-12-2024, 22:06. Разместил: heqiqet Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Şəxsiyyətinin ölçüyəgəlməz və müqayisəolunmaz böyüklüyü siyasi fəaliyyətində özünü qabarıq büruzə verir. Çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər hər zaman Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edib. Bu prosesdə ölkəmizə qarşı çıxan, onu zəiflətməyə çalışan qüvvələr olsa da, dövlətimizin başçısının qətiyyətli siyasəti ilə bütün belə planlar dəf olundu.
Tanınmış ekspertlərin, nüfuzlu strateji tədqiqat mərkəzlərinin təhlillərində Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığı xüsusi qeyd olunur, ölkəmizlə əməkdaşlığın strateji əhəmiyyəti diqqətə çatdırılır. Prezident İlham Əliyevin fikirləri, son zamanlar müşahidə edilən proseslər təsdiqləyir ki, Azərbaycan özünün və tərəfdaşlarının maraqlarına, beynəlxalq hüquq normalarına və müasir çağırışlara uyğun xarici siyasət yürüdür. Bu gün Azərbaycan bir çox nəhəng layihələrə öz imzasını atır, dünya miqyaslı, önəmli beynəlxalq tədbirləri təşkil edir, eləcə də ölkəmiz xarici dövlətlərdə keçirilən tədbirlərdə ön sıralarda yer alır. Məhz bu faktın özü Prezident İlham Əliyevin nüfuzunun ali təcəssümü olaraq dəyərləndirilir.
Ümummilli liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü ildə keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək onu Prezident seçdi. Təbii ki, İlham Əliyevin Prezident seçilməsi ölkənin siyasi həyatında yeni inkişaf dönəminin başlanğıcı oldu. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi üzərində Azərbaycanın daha yeni uğurlara imza atması İlham Əliyevin adı ilə sıx bağlıdır. Xalqa ilk müraciətində demişdi ki, mən hər bir azərbaycanlının prezidenti olacağam! Bu gün həmin ifadənin həqiqətə çevrildiyi tarixə şahidlik etmək hər bir azərbaycanlıya yalnız qürur hissləri yaşadır. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın liderinə inam və etimadı görünməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2020-ci illərdə Azərbaycan nəinki həyata keçirilən sosial-iqtisadi layihələr sayəsində qüdrətli dövlətə çevrildi, həm də regional siyasət meydanında güc mərkəzi olmağı bacardı. Bakı dünyanın bir-birinə əks qütbündə dayanan aparıcı güc sahibi olan ölkələrin əsas təmas nöqtəsi halına gəldi. Bu aspektdə bir məqamı xüsusi qeyd etmək lazımdır. Sözsüz ki, qardaş Türkiyənin və Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana birmənalı siyasi və mənəvi dəstəyi, xüsusən ordu quruculuğu, müasir silah və texnologiyalarla təchizat sahəsində rolu çox böyükdür. Xalqımız bunu daim minnətdarlıq hissi ilə xatırlayacaq.
Vətən savaşında qələbəmizin əsasında dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin gücü-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, xalq-Prezident-ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı. Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır.
İkinci Qarabağ müharibəsi parlaq qələbəmizlə başa çatandan dərhal sonra işğaldan azad edilən ərazilərdə tikinti-quruculuğa başlanıldı. Dövlət başçısının tapşırığı əsasında bu torpaqlardakı yaşayış sahələrinin bərpası zamanı ən son texnologiyalardan istifadəyə üstünlük verilir. Ölkə rəhbərinin Qarabağın dirçəldilməsinin ilk günlərində "Qarabağı yenidən quracağıq və dünyaya yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik" söyləməsinə rəğmən rəqəmsallaşma, üçüncü Sənaye İnqilabının ən son nailiyyətləri diqqət mərkəzində saxlanıldı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları hazırda müasir texnoloji təcrübə, eləcə də inzibati idarəçilik əsasında bərpa edilir, bu ərazilərdə fərqli inzibati strukturlar fəaliyyət göstərir. Müharibədə qələbə qazanmağın əsas şərtlərindən olan birliyin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasının da uğurla başa çatdırılmasında yenə də əsas amil olacağı şübhəsizdir.
Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi, hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir.
Qarşıdan əziz Prezidentimizin doğum günü gəlir. Bu münasibətilə onui ürəkdən təbrik edir, uzun ömür, cansağlığı, xoşbəxtlik və ölkənizin rifahı naminə ali dövləti fəaliyyətində davamlı uğurlar arzulayıram.
Xalqının bütün arzularını həyata keçirən Lider
Elvina Xasməmmədova,
"Azərbaycan xanımı" jurnalının baş redaktoru,"Qızıl qələm" mükafatı laureatı


Вернуться назад