DataLife Engine > sosial / gundem > Prezidentimiz müdrik, uzaqgörən, unikal yaddaş sahibidir

Prezidentimiz müdrik, uzaqgörən, unikal yaddaş sahibidir


23-12-2024, 21:41. Разместил: heqiqet Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi indiki milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc müstəvisində sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir. Hazırda inamla irəliləyən ölkəmizdə müstəqil siyasət, müstəqil dövlətçilik, müstəqil xarici siyasət, müstəqil daxili siyasət milli ideologiyanın əsas prioritetləridir.
“Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı.
Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran lider olduğunu nümayiş etdirdi.
Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
Prezidentimiz böyük xarizma sahibidir. Dərin ağıla və zəkaya malikdir. Əsl Azərbaycan kişilərinə xas boy-buxunu, yaraşığı var. Özünə əsl Azərbaycan xanımını ömür-gün yoldaşı seçməklə eyni zamanda dost və sirdaş da qazanıb. İlham Heydər oğlu Əliyev dahi şəxsiyyətin ailəsində dünyaya göz açıb. Dünyanın ən həlim, mehriban, fədakar anasının qucağında böyüyüb. Mükəmməl təhsil alıb, bir neçə dili ana dili qədər dərindən bilir.
Həddindən çox ciddidir, nadir hallarda gülür. Böyük fiziki gücə, yüksək enerjiyə, yorulmadan işləmək qabiliyyətinə malikdir. Qeyri-adi nitq sahibidir: istənilən mövzuda saatlarla, heç bir qeydə baxmadan zəruri və unikal misalları gətirməklə sinədəftər, dəmir məntiqə söykənən çıxışlar edə bilir. Müdrikdir, uzaqgörəndir, unikal yaddaş sahibidir, tərəf-müqabilini istənilən anda mat qoyan faktlar, arqumentlər səsləndirməyi bacarır. Hirslənəndə qəzəbini boğub gizlətməyi, qeyri-adi gedişlərlə tərəf-müqabilindən ustalıqla “qisas” almağı bacarır.
Məqsədə çatmaq yolunda illərlə, inadla çalışmaq, qeyri-adi, dəqiqliklə hesablanmış addımlar atmaq ustasıdır. Böyük ürək, geniş qəlb, yüksək səxavət sahibidir. Dövlətin və xalqın maraqlarını daim uca tutar, bu məsələdə heç zaman, heç kəsə güzəştə getməz. Şəhid analarını, körpə balalarını öpüb bağrına basanda gözlərinin yaşardığını dəfələrlə görmüşük. Dəmir yumruğunu düşmənə silkələyərək başını əzdiyinin şahidinə çevrilmişik.
Kimliyindən, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın dərd-səri, qayğıları, problemləri Prezident İlham Əliyevin diqqətində və nəzarətindədir. Vətəndaşlarla səmimi görüşlər keçirməsi, onların problemlərini dinləməsi və həll olunması üçün müvafiq göstərişlər verməsi, bağışlamaq böyüklüyü cənab İlham Əliyevin ölkə rəhbəri kimi hər zaman vətəndaşının yanında olduğunu, siyasətinin mərkəzində vətəndaşın dayandığını təsdiq edir. Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət, siyasi sabitlik, investisiya imkanlarının geniş olması Azərbaycanı dünyanın sayılıb-seçilən ölkələri sırasına çıxarıb.
Üstəlik, zəngin enerji ehtiyatları, əlverişli coğrafi mövqe ölkəmizə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirməyə imkan verib. Prezident İlham Əliyev Ümummilli Liderin bütün sahələrdə müəyyənləşdirdiyi yolu davam etdirərək, sözügedən layihələri müvəffəqiyyətlə başa çatdırdı.
Azərbaycan xalqının sevdiyi, Qarabağın xilaskarı, dünyanın sayılıb - seçilən rəhbərlərindən biri olan möhtərəm Prezidentimizi ad günü münasibətilə səmim-qəlbdən təbrik edir, həyatda xoşbəxtlik, Azərbaycan üçün düşərli fəaliyyətində müvəffəqiyyətlər arzulayıram.

Arif Ömərov,
Quba rayon Çiçi-Səbətlər Bələdiyyəsinin sədri


Вернуться назад