Böyük ehtiramla yad edilən gün - 20 Yanvar
19-01-2026, 20:02. Разместил: heqiqet
20 Yanvar hadisələrinin Azərbaycan xalqına qarşı törədilmiş cinayət kimi beynəlxalq arenada tanıdılması istiqamətində işlər davam etdirilir. Bu faciə SSRİ rəhbərliyinin Azərbaycan xalqının iradəsini boğmaq üçün törətdiyi qanlı bir cinayət kimi xarakterizə olunur.
20 Yanvar şəhidlərinin ailələrinə dəstək prioritet məsələlərdəndir. Dövlət şəhid ailələrinə xüsusi qayğı göstərir. Şəhid ailələri üçün mənzillər, sosial yardımlar və digər dəstək tədbirləri həyata keçirilir.
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporu və səfirlikləri 20 Yanvar hadisələrinin beynəlxalq ictimaiyyətə tanıdılması məqsədilə müxtəlif tədbirlər keçirirlər.
Azərbaycan diplomatiyası vasitəsilə 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymət verilməsi üçün səylər göstərilir. Məktəblərdə və ali təhsil müəssisələrində 20 Yanvar faciəsi ilə bağlı xüsusi dərslər keçirilir, vətənpərvərlik mövzularında tədbirlər təşkil olunur. Hadisələr haqqında sənədli filmlər, verilişlər və kitablar hazırlanaraq geniş ictimaiyyətə təqdim olunur.
Şəhidlərin ruhuna ehtiram olaraq məscidlərdə dualar oxunur, dini mərasimlər keçirilir. 20 Yanvar tarixi ölkə miqyasında milli birliyin və həmrəyliyin simvolu kimi qeyd olunur.
1990-cı il 20 Yanvar hadisəsinə aparan yola qısa nəzər salarkən birmənalı şəkildə onu deyə bilərik ki, bu qanlı yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başladı.
Qarabağda ermənilərin törətdiyi cinayətlərin, günahsız insanların öldürülməsinin dayandırılması tələbi ilə 1990-cı il yanvarın 16-da Bakıda və bir sıra rayonlarda piketlər keçirildi. Qarabağda artmaqda olan gərginliyin qarşısını almaq əvəzinə sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlətdi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası MK-nın katibi Mixail Qorbaçovun birbaşa əmri ilə SSRİ müdafiə nazirliyi, dövlət təhlükəsizlik komitəsi və daxili işlər nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Sovet rəhbərliyi Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi. Fövqəladə vəziyyət rejiminin tətbiq edilməsindən əhalinin xəbər tutmaması üçün yanvarın 19-u saat 19:27-də SSRİ DTK-nın “Alfa” qrupu televiziyanın enerji blokunu partladır. Yanvarın 19-u saat 23:00-da sovet qoşunları Bakıda “Udar” kod adı altında əməliyyata başlayırlar. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edildi. Fövqəladə vəziyyətlə bağlı xəbəri əhali yalnız səhər saat 5:30-da xarici radiostansiyalardan və vertolyotlardan atılmış vərəqələrdən öyrəndi. O ana qədər artıq 82 nəfər amansızcasına qətlə yetirilmiş, 20 nəfər isə ölümcül yaralanmışdı. Bakıda və ətraf rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər isə yaralandı. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis nəfərləri var idi. Respublika ərazisində 841 nəfər qanunsuz həbs edilir.
Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə “Nürnberq prosesi” kimi düşmüş, Beynəlxalq Tribunalda pislənilən bütün əməllər müşahidə edilir.
Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. Heydər Əliyevin 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı DQMV-nin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri məhz o gündən başlamışdır.
Bəli, şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Həm erməni millətçiləri, həm də ovaxtkı Azərbaycan rəhbərliyində təmsil olunmuş milli satqınlar. Ancaq onlar faktiki olaraq birləşərək Heydər Əliyevə qarşı çirkin şər, böhtan kampaniyası aparmışdılar.
Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. Baxmayaraq ki, siyasi fəaliyyətdən kənarda qalmışdı, amma Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə - 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir.
Başda çağdaş Azərbaycanımızın memarı ümummilli lider Heydər Əliyev olmaqla müstəqillik uğrunda fədakarcasına mübarizə aparan və bu yolda canlarından keçən bütün şəhidlərimizi böyük ehtiram və rəhmətlə yad edirik.

Xalid Adıgözəlov,
Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbin direktoru
Вернуться назад