DataLife Engine > sosial / gundem > 20 Yanvar xalqımız tərəfindən heç vaxt unudulmayacaq

20 Yanvar xalqımız tərəfindən heç vaxt unudulmayacaq


19-01-2026, 20:15. Разместил: heqiqet Heydər Əliyev 21 yanvar 1990-cı ildə Moskvada mətbuat konfransı keçirərək, bu cinayəti həyata keçirən hərbçiləri və Sovet rəhbərliyini tarixin və ədalətin qarşısında cinayətkar adlandırdı. Onun çıxışı Kremlin informasiya blokadasına baxmayaraq, bütün dünyada yayılaraq böyük əks-səda doğurdu. Heydər Əliyevin bu addımı xalqın qəlbində ümid çırağını yandırdı və milli birliyə təkan verdi.
20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət verən məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Ulu Öndər öz təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərarın qəbul edilməsinə nail olmuşdur. 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etmişdir. 1998-ci ildə isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir.
Heydər Əliyevin rəhbərliyi altında 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. O, bu faciəni Azərbaycanın milli qüruru və müstəqillik mübarizəsinin bir hissəsi kimi səciyyələndirdi. Heydər Əliyev hadisələri bu sözlərlə xatırlayırdı:
“Mən bu faciəyə həmişə ürəkdən yanaraq, həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam. Bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.”
Cənab Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsini həmişə uca tutmuş, Şəhidlər Xiyabanın təmir və yenidənqurma işlərinə, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsinə böyük diqqət ayırmışdır. Cənab Prezidentin tapşırığı ilə 2010-cu ildə, hadisənin 20-ci il dönümündə Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi ucaldılmış və abidənin açılışını cənab Prezident şəxsən özü etmişdir. Bu günlərdə isə, daha dəqiq desək, 13 yanvar 2023-cü il tarixli Fərmanı ilə cənab Prezident 20 Yanvar şəhidlərinin ailələri üçün təsis edilmiş təqaüdün məbləğinin artırılmasına göstəriş vermişdir.
Azərbaycan xalqının tarixində fəxrlə yad olunan, qürurla xatırlanan, gələcək nəsillərə örnək olan, ləyaqətlə anılan günlərin sayı olduqca çoxdur. Lakin bunların içərisində elə bir gün vardır ki, üzərindən 35 il keçməsinə baxmayaraq hələ əsrlər boyu qanla yazılmış Şərəfli Tarix kimi yaddaşlarda yaşayacaq, insanlara dövləti, milləti, müstəqilliyi qorumağın böyük qurbanlar bahasına başa gəldiyini, dəyərini xatırladacaqdır.
1990 – cı ilin yanvar ayının 19 – dan 20 – ə keçən gecə, Sovet hakimiyyətinin Azərbaycana qarşı həyata keçirdiyi qanlı əməliyyat nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi, yaralandı və repressiyaya məruz qaldı. Bu hadisə Azərbaycanın azadlıq mübarizəsi tarixində unudulmaz bir səhifə olmaqla yanaşı, Sovet rejiminin insan haqlarını kobud şəkildə pozduğunu sübut edən dəhşətli bir cinayət idi.
1987-ci ildən başlayaraq, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri gərginliyi artırmışdı. Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı vəhşiliklə doğma yurdlarından qovuldu, onların evləri, əmlakları talandı. Eyni zamanda, Ermənistanda yaşayan azərbaycanlılara qarşı milli zəmində diskriminasiya və zorakılıq həyata keçirildi.
Sovet rəhbərliyi isə bu hadisələrin qarşısını almaq əvəzinə, Ermənistanı dəstəkləyərək Azərbaycanın suverenliyinə və xalqın hüquqlarına qarşı çıxış etdi. Azərbaycan xalqının hüquqlarını qorumaq və müstəqillik tələblərini irəli sürmək üçün təşkil olunan dinc mitinqlər isə daha böyük repressiyaların başlanğıcına çevrildi.
Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin Azərbaycana qarşı tətbiq etdiyi “Bakı əməliyyatı” əvvəlcədən planlaşdırılmış bir hərbi müdaxilə idi. Bu əməliyyatda iştirak edən hərbi birliklərin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan cəlb edilmiş erməni zabit və əsgərləri də daxil edilmişdi. Hətta hərbi məktəblərdə təhsil alan erməni kursantları belə bu əməliyyat üçün səfərbər olunmuşdu.
20 Yanvar hadisələrinin tədqiqi, 20 Yanvar şəhidlərinin xatirəsini həmişə uca tutmaq, onların ailələrinə, hadisənin digər qurbanlarına soial və mənəvi yardım etmək hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. 20 Yanvar şəhidlərinin xatirəsi ilə əlaqədar ali diqqət və ehtiramı əks etdirən dövlət siyasəti Azərbaycan xalqı, millətimiz, hər bir vətəndaşımız tərəfindən də daim dəstəklənir. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, hadisənin üzərindən xeyli müddət keçməsinə baxmayaraq, hər il ilk ildönümü kimi 20 Yanvar şəhidlərinin məzarları , minlərlə insan tərəfindən ziyarət edilir. Çünki 20 Yanvar şəhidləri öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqının bu amal uğrunda canından keçən igid oğul və qızlarıdır, odur ki, xalqımız tərəfindən heç vaxt unudulmayacaqlar.

20 Yanvar xalqımız tərəfindən heç vaxt unudulmayacaq

Manaf Manafov,
Nərimanov Rayon MKTB-nin rəisi
Вернуться назад