DataLife Engine > sosial / gundem > 20 yanvarda vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar

20 yanvarda vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar


20-01-2025, 13:32. Разместил: heqiqet Xalqımızın tarixində fəxrlə yad olunan, qürurla xatırlanan, gələcək nəsillərə örnək olan, ləyaqətlə anılan günlərin sayı olduqca çoxdur. Lakin bunların içərisində elə bir gün vardır ki, üzərindən 35 il keçməsinə baxmayaraq hələ əsrlər boyu qanla yazılmış şərəfli tarix kimi yaddaşlarda yaşayacaq, insanlara dövləti, milləti, müstəqilliyi qorumağın böyük qurbanlar bahasına başa gəldiyini, dəyərini xatırladacaqdır.
35 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.
Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.
Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”. 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı–Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verilib.
Milli Məclisin həmin Qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.
Məclisin qəbul etdiyi Qərarda 20 yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmçinin, şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.
“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.Qanlı Yanvar hadisəsi Azərbaycanın azadlıq uğrunda mübarizəsinin simvoluna çevrildi. Elə məhz bu dəhşətli faciəvi gündən sonra xalqımız öz azadlığı uğrunda mübarizəsini daha da gücləndirərək Sovet rejiminin haqsızlıqlarına qarşı üsyanını daha da alovlandırdı və nəticədə 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan öz müstəqilliyini elan etdi.
Heydər Əliyev 21 yanvar 1990 – cı ildə Moskvada mətbuat konfransı keçirərək, bu cinayəti həyata keçirən hərbçiləri və Sovet rəhbərliyini tarixin və ədalətin qarşısında cinayətkar adlandırdı. Onun çıxışı Kremlin informasiya blokadasına baxmayaraq, bütün dünyada yayılaraq böyük əks-səda doğurdu. Heydər Əliyevin bu addımı xalqın qəlbində ümid çırağını yandırdı və milli birliyə təkan verdi.
20 yanvarda vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar
Mahirə Əsədova
“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri, xeyriyyəçi, iş adamı


Вернуться назад