Xalqımız üçün qürurverici gün - 15 oktyabr
15-10-2025, 22:33. Разместил: heqiqet
15 oktyabr xalqımız üçün qürurverici, tariximizə qızıl hərflərlə yazılan əlamətdar günlərdən biridir. 2003-cü ilin həmin günündə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı cənab İlham Əliyevi yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçərək, ölkəmizin yeni sürətli və hərtərəfli inkişaf mərhələsinə keçidini, qalibiyyət zirvəsinə doğru inamla irəliləməsini təmin etdi.
Ötən dövr ərzində bütün sahələrdə ardıcıl tarixi uğurlara imza atan Azərbaycan dünyanın nüfuzlu və Cənubi Qafqaz regionunun lider dövlətinə çevrildi. Ən başlıcası isə xalqımızın müqəddəs arzusu gerçəkləşdi - Ordusunu daim gücləndirən Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi.
Növbəti - 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində xalq öz seçimini etmək üçün kütləvi şəkildə yenidən məntəqələrə axın etdi. Vətəndaşların səsvermədəki fəallığı seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmadı. Müşahidəçilərin hamısı bu amili yüksək qiymətləndirərək İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə demokratik proseslərin geniş vüsət aldığını və budəfəki prezident seçkilərinin də demokratiyanın inkişafı istiqamətində mühüm addım olduğunu bildirdilər.
Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Bununla belə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində doğma torpaqlarından qovulan bir milyon insanın həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması diqqətdə saxlanıldı.
Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi, xalqımızı ordumuzun etibarına inandırdı. Azərbaycanda güclü müdafiə sənayesi quruldu.
Bu dövrdə Azərbaycanın iqtisadi uğurları daha da böyüdü, iqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi artdı, güclü sahibkarlıq sinfi yarandı. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən üç dövlət proqramı sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı.
Ölkədə qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələrinin, Olimpiya İdman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə minlərlə məktəb tikildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bütün bunların təməlində isə uğurlu enerji siyasəti dayandı.
Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısının iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial paketlər vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir.
Beləliklə, güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu.

Könül İbrahim qızı Səmədova,
ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri,
filologiya elmləri doktoru, dosent, "Qabaqcıl təhsil işçisi" döş nişanı,
"Azərbaycan Qadını" media medalı mükafatları laureatı
Вернуться назад