Bu zəfər tarixi zəfərdir
31-10-2025, 18:04. Разместил: heqiqet
Azərbaycan Ordusu Şuşaya doğru dayanmadan, çox böyük inamla irəlilədi və demək olar ki, mümkünsüz işin öhdəsindən gəldi. Qəhrəman döyüşçülər yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını uğurla yerinə yetirdi. Əsgər və zabitlərin döyüş üsulu, qədim tarixi şəhəri dağıtmadan, ona xələl gətirmədən azad etməsi hərb tarixində tamamilə yeni idi. Xalqımızın qəhrəman oğullarının nümayiş etdirdiyi misli görünməmiş cəsarət və igidlik nümunəsi nəticəsində bir vaxtlar nağıl, xəyal kimi görünənlər gerçəyə çevrildi.
Heç şübhəsiz ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Müzəffər Ali Baş Komandanın Xankəndidə qürurla dediyi bu sözlər bütün dünyada əks-səda verdi: “Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır... Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq.
Ölkə rəhbərimiz, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətdə bu böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu deyib: «Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.
Artıq azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlanılmışdır.
İşğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini bir daha ortaya qoyur. Müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə başlanması dediklərimizi bir daha təsdiq edir. 30 il ərzində erməni vandalları yaşayış və ictimai binaları, bütün infrastrukturu, maddi və mədəni abidələri dağıtmış, yeraltı sərvətlərimizi vəhşicəsinə talan etmiş ərazilərimizdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi yolunda uğurlu işlər aparılmaqdadır.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda təqribən 30 min insan məskunlaşıb. Belə ki, bu bölgədə aparılan bərpa-quruculuq işləri ilə bağlı müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bundan başqa, işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən məktəblərdə və Xankəndi şəhərindəki Qarabağ Universitetində minlərlə insan çalışır və ya təhsil alır.
Bütün bu uğurların önündə Prezident İlham Əliyevin düzgün qurulmuş iqtisadi siyasəti dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin vətəndaşları kimi Zəfər Gününü qeyd edirik. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən müharibəsi şəhidlərinin ruhu qarşısında baş əyir, onların xatirəsini ən dərin ehtiramla yad edirik.
Xalid Adıgözəlov,
Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbin direktoru
Вернуться назад