DataLife Engine > sosial > Xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gün - 8 Noyabr

Xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gün - 8 Noyabr


3-11-2025, 22:44. Разместил: heqiqet Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi, bu yerlərə yenidən həyat qayıtmağa başladı.
2020-ci il noyabrın 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri yazıldı. Azərbaycan hərbçiləri dağlar qoynunda yerləşən Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Qəhrəman əsgər və zabitlərimiz mürəkkəb dağ relyefi, sıldırım qayaları, sıx meşələri, dərin dərələri, çətin və keçilməz dolayları adlayaraq düşmən hərbçilərini Qarabağın baş tacı hesab olunan Şuşadan qovub çıxardı. Prezident İlham Əliyevin Sərəncamı ilə həmin tarixi hadisənin baş verdiyi gün - noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdı.
2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Düşmənin on illiklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti müharibənin ilk günündə yarıldı. Füzuli və Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu.
Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi. Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra Cəbrayıl şəhəri və rayonun 9 kəndi düşmən tapdağından xilas olundu.
Oktyabrın 9-dan 26-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Xudafərin körpüsü, Zəngilan və Qubadlı şəhərləri düşməndən azad edildi.
Azərbaycan Ordusu Şuşaya doğru dayanmadan, çox böyük inamla irəlilədi və demək olar ki, mümkünsüz işin öhdəsindən gəldi. Qəhrəman döyüşçülər yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını uğurla yerinə yetirdi. Əsgər və zabitlərin döyüş üsulu, qədim tarixi şəhəri dağıtmadan, ona xələl gətirmədən azad etməsi hərb tarixində tamamilə yeni idi. Xalqımızın qəhrəman oğullarının nümayiş etdirdiyi misli görünməmiş cəsarət və igidlik nümunəsi nəticəsində bir vaxtlar nağıl, xəyal kimi görünənlər gerçəyə çevrildi.
Heç şübhəsiz ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

Dr. Zahid Zahidov,
tibb üzrə fəlsəfə doktoru

Вернуться назад