Xalqımız həmişə öz liderinə güvənib
23-12-2025, 23:35. Разместил: heqiqet
Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb və dövlətçilik tarixinin möhtəşəm və qüdrətli dövrünü yaşamaqdadır. Qazanılan uğurlar, inkişaf göstəriciləri bütün sferaları əhatə edir. Belə ki, müstəqil və demokratik Azərbaycan elə bir yüksəlişin və tərəqqinin rəmzinə çevrilib ki, bu amil sərhədlərimizdən kənarlarda da vurğulanır. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin əsəri olan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin müdrik, qətiyyətli siyasəti nəticəsində mükəmməl inkişaf modelinə malikdir və müxtəlif sahələr üzrə əldə etdiyi yüksəliş dinamikası bir çox dünya ölkələri üçün nümunəyə çevrilib. Zamanla müxtəlif yerli və xarici sosioloji sorğu mərkəzləri, dünyanın bir çox nüfuzlu media qurumları ölkə başçımızı qurucu Prezident olaraq qiymətləndirirlər.Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhvali-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Cənab İlham Əliyev məhz belə liderdir.
Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Ötən 21 il ərzində Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib, bütün sahələr üzrə dinamik inkişaf qeydə alınıb. Eləcə də insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib.
Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.
Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı, uğurlu icraçısı və etibarlı tərəfdaş kimi tanınır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib. Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. "Azerspace-1", "Azersky" və "Azerspace-2" peykləri orbitdə uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox layihələrin, inqilabi islahatların müəllifidir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə - "ASAN xidmət" mərkəzlərinə, dövlət sosial xidmətləri sahəsində innovativ nailiyyət olan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) konsepsiyasına Azərbaycanın yeni brendləri kimi beynəlxalq arenada da böyük maraq göstərilir.
Xalqımız həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Azərbaycanın güclü, qüdrətli və nüfuzlu dövlət kimi müvəffəqiyyətlər qazanması, sabitlik adası, inkişaf diyarı kimi strateji hədəflərinə çatması, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsini təmin edən əsas amil xalqın öz liderinə dəstək verməsi, liderin isə milli mənafelərə adekvat siyasət həyata keçirməsidir. Qətiyyətli lider - müdrik siyasətçi olan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir". Dövlət başçısının həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. COP29 kimi dünyanın ən mötəbər təşkilatının Bakıda keçirilməsi də dövlətimizin gücünü, şəxsən Prezidentimizin beynəlxalq müstəvidə nüfuzlu və qətiyyətli Lider olduğunu təsdiqlədi. Dünya ölkələrinin liderləri, on minlərə əcnəbi qonaq ölkəmizə səfər edərək güclü və qüdrətli Azərbaycanın inamlı inkişafının şahidi oldu. Azərbaycan xalqı bu tarixi nailiyyətlərin və zəfərlərin müəllifi olan Prezident İlham Əliyev kimi Lideri ilə hər zaman qürur duyur.
Cənab Prezidentimiz İlham Əliyevi ad günü münasibətilə təbrik edir, ona can sağlığı və ölkəmizin rifahı naminə görülən fəaliyyətində uğurlar arzulayıram!
Nəsibə Hüseynova,
Ağdam rayon 33 saylı tam orta məktəbin direktoru
Вернуться назад