DataLife Engine > siyaset / gundem > Ulu Öndər Heydər Əliyevin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü doğruldur

Ulu Öndər Heydər Əliyevin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü doğruldur


23-12-2025, 23:47. Разместил: heqiqet Ulu Öndər Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi.Bu gün qürur hissi ilə deyə bilərik ki, dahi Heydər Əliyevin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü doğruldur.

Yüksək dövlətçilik istedadı, əsl liderlik qabiliyyəti, aydın siyasəti, zəngin idarəetmə təcrübəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk növbədə Azərbaycanı yenidən yaratması ilə nəticələnmişdir. Müstəqilllik dövründə yeni Azərbaycanın yaranmasının möhkəm təməlləri Ümummilli lider Heydər Əliyev tərəfindən atılmışdır. Lakin Prezident İlham Əliyev müstəqil Azərbaycanı bütün istiqamətlər üzrə yenidən qurmuşdur. Azərbaycan regionlarının inkişaf etdirilməsi siyasətinin memarı kimi o, müstəqillik qazanmış ölkələr arasında ilk dəfə olaraq Azərbaycanda sözün əsl mənasında şəhərlə kənd arasındakı fərq aradan qaldırılmışdır. Bu gün istənilən səviyyəli xarici qonaq Azərbaycanın regionlarına səfər etsə, heyrətlənmədiyini bildirməyə bilməz. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri də artıq özünün bütün möhtəşəmliyi ilə İlham Əliyev erasının paytaxt şəhərinə çevrilmişdir. Bu gün dünyada Bakı şəhəri qədər sürətlə və planlı surətdə, həm də fərqli memarlıq üslublarında inkişaf edən paytaxt şəhərləri tapmaq asan deyildir.

Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.S on illərdə Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı "Eurovision" mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, "Formula 1" yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa, COP29-a ev sahibliyi edib.Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirib.

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib.Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərinə başlayıb. Azad olunmuş ərazilərimizə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir. Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur.Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Bu gün Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən Avropa İttifaqına üzv olan bir çox ölkələrlə strateji tərəfdaşlıq əlaqələrinə malikdir.

Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də millimənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur. “Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz millimənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən Prezident İlham Əliyevin dövlət-din sahəsində həyata keçirdiyi siyasət əslində Ulu Öndər Heydər Əliyev tərəfi ndən əsası qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır.Dövlət başçısı tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfi ndən nümunəvi model kimi qəbul olunur və bəyənilir.

Cənab Prezidentin rəhbərliyi ilə böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir.Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycan hökumətinin vətəndaşların etiqad azadlığı haqqını təmin etmək sahəsində həyata keçirdiyi tədbir və qəbul etdiyi qərarlar öz müsbət bəhrələrini verməkdədir.

Bu gün dünyanın hansı bölgəsində olmasından asılı olmayaraq, hər bir azərbaycanlı Prezident cənab İlham Əliyevi və onun siyasətini dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə xalqın böyük etimadını qazanaraq bir daha sübut etdi ki, Azərbaycanı həm daxili, həm də beynəlxalq miqyasda yalnız o təmsil edə bilər. İlk gündən hər bir azərbaycanlının prezidenti olacağını vəd edən, verdiyi sözü uğurla yerinə yetirən dövlət başçısı İlham Əliyev öz fəaliyyəti ilə ümummilli liderin başladığı işi davam etdirməyə qadir olduğunu sübut etməklə yanaşı, həm də özünü yeni zamanın yeni lideri kimi göstərdi.Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin doğum günüdür. Dövlət başçısını ad günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayıram.



Ülvi Quliyev,
millət vəkili
Вернуться назад