DataLife Engine > sehiyye / gundem > Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir

Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir


Bu gün, 12:55. Разместил: heqiqet Bu gün dünyaşöhrətli alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anım günüdür. Ömrünü tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Qısa müddətdən sonra Zərifə xanım Əliyeva həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan geniş yayılmış traxoma infeksion xəstəliyinə qarşı mübarizə aparır. Bu xəstəliyə qarşı təsirli müalicə üsullarının olmadığı bir dövrdə Zərifə xanım Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında maarifləndirmə aparırdı.

Zərifə xanım Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. Vətənə qayıdan Zərifə xanım Əliyeva 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya qəbul olunur. O, bu müddətdə həm praktik əməli həkim fəaliyyəti ilə məşğul olaraq, həm də elmi axtarışlarını davam etdirir. Traxoma xəstəliyinin aradan qaldırılmasını qarşıya məqsəd qoyan Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, o dövr üçün yeni olan antibiotikdən - sintomisindən istifadə olunmasına həsr edir.

Müxtəlif dövlət mükafatlarına layiq görülərək, peşəkar həkim kimi layiqli qiymətini alan Zərifə xanımın ən böyük amalı insanlara xidmət etmək olub. Həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənib, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb. Millət vəkilinin sözlərinə görə, Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi. O, respublikanın şəhər və rayonlarında olaraq xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda da xüsusi xidmət göstərib. Zərifə xanım Əliyevanın bu sahədə gərgin fəaliyyəti tezliklə öz nəticələrini verdi.

Zərifə xanım Əliyeva gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həlli məsələlərinə böyük diqqət göstərib. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli formalaşıb. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib.

Tibb sahəsində çoxşaxəli fəaliyyəti ilə bərabər, akademik Zərifə xanım Əliyeva ictimai işlərdə də fəallıq göstərib, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. Zərifə xanım həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Azərbaycan elminə verdiyi töhfələrə görə Zərifə xanım Əliyeva bir sıra orden və medallara layiq görülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb.

Zərifə xanım həm də qayğıkeş ana, layiqli ömür-gün yoldaşı olub. Bu keyfiyyətləri o, öz ailəsində gördüyü yüksək mənəvi mühitdən qazanıb. Zərifə xanım və onun həyat yoldaşı Ümummilli Lider Heydər Əliyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş kimi yetişdirdikləri övladlarına ötürüblər. Həm Zərifə xanım Əliyeva, həm də Ulu Öndər Heydər Əliyev həyatlarının sonunadək gərgin fəaliyyətləri ilə ömürlərini Azərbaycana həsr ediblər. Vəfalı həyat yoldaşı olmaqla bərabər, Zərifə xanım Ulu Öndərə mənəvi dayaq olub. O, xalqımıza cənab İlham Əliyev kimi layiqli oğul bəxş edib.

Ulu Öndərimiz Zərifə xanım haqqında deyirdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.

Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir

Dilqəm Məhərrəmov,
“MediLux” Klinikasının həkimi, plastik, rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru


Вернуться назад