Azərbaycan tarixində dönüş nöqtəsi - Qurtuluş Günü
Bu gün, 22:39. Разместил: heqiqet
Dahi rəhbər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən, ilk növbədə, onun xilaskarlıq missiyası göz önünə gəlir. Məhz bu səbəbdən 1993-cü il 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.
Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Onun dövlətinə, xalqına bağlılığı ilə yanaşı, Azərbaycanı daim zirvələrdə görmək istəyi atdığı hər bir addımda özünü aydın şəkildə nümayiş etdirirdi. Əsas amal, məqsəd Azərbaycanın dünyaya Günəş kimi doğması idi ki, Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu arzu, bu istək qısa zamanda reallığa çevrildi. Azərbaycanın qısa zamanda sabitlik diyarı kimi nüfuz qazanması malik olduğu təbii resurslardan səmərəli istifadəsinə geniş imkanlar yaratdı. Halbuki 1991-1993-cü illərdə iqtisadi əlaqələrin qurulmasından, ölkə iqtisadiyyatına sərmayələrin yatırılmasından danışmaq mümkünsüz idi. Çünki ölkədə ictimai-siyasi vəziyyət olduqca ağır idi. İqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər hər zaman ilk olaraq ölkədə sabitliyə, demokratik inkişafa diqqət yetirirlər.
Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da Ümummilli Lider Heydər Əliyev dərin zəkası ilə bütün çətinliklərə sinə gərmək əzmində olduğunu nümayiş etdirdi. Azərbaycanın inkişaf yolu 15 İyun- Milli Qurtuluş Gününə aparan 9 iyun 1993-cü ildən başlandı. Uğurla davam edən Azərbaycanın müstəqilliyinin Heydər Əliyev dövrü dövlətçilik tariximizə xilaskarlıq missiyası kimi yazıldı.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla gerçəkləşdirməklə Onun şah əsəri kimi dəyərləndirilən Azərbaycanı zirvələrə qaldırdı, Günəş kimi dünyaya doğmasını təmin etdi, ən əsası xalqımızın öz tarixi torpaqlarına qovuşması, tarixi ədalətin bərpası, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması üçün möhkəm baza yaratdı.
Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu Azərbaycan dövlətinin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli Liderin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına qazandığı müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələ kimi qiymətləndirilir.

Ellada Həziyeva,
Bakl şəhər Səbail rayon Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki - Humanitar liseyin müəllimi
Вернуться назад