DataLife Engine > gundem / yazarlar > YENİ NƏŞR

YENİ NƏŞR


Bu gün, 00:19. Разместил: heqiqet Uca Yaradanın adı ilə!
Hacı Həsən Hüseyni 2025-ci il, oktyabr ayında 2024-cü il dekabr ayının 25-də Bakı – Qroznı reysinin qəzaya uğraması barədə yazdığı “Əbədiyyətə uçan təyyarə” adlı kitabını hadisənin ildönümü ərəfəsində oxucularına təqdim etmişdi. Həmin kitab o zaman böyük rezonans doğurmuşdu və təqdimat mərasimində iştirak edən şəhid valideynləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar kitabın yaradıcı heyətinə – xüsusilə Hacı Həsənə minnətdarlıqlarını bildirmişdilər. Ədəbi sferada hadisə barədə materialları bir araya toplayan başqa bir kitab olmadığından bu qiymətli kitab mənbə rolunu oynaya bilər. Hadisəyə və ayrı-ayrı qəhrəmanlara həsr olunmuş şeirlər və materiallar da buraya daxil edilmişdir.
Yazarın bir ilahiyyatçı olaraq bu kitabı yazmasının və nəşr etdirməsinin əsas səbəbi insanların şəhadət məqamı haqqında düşüncələrini doğru istiqamətə yönəltmək idi. Belə ki, insanlar yanlış olaraq elə düşünürlər ki, şəhid yalnız cihad və müharibə zamanı öldürülən insana şamil edilir. Bu qəza bariz bir nümunədir ki, insanlıq başa düşsün ki, şəhadətin kökündə dərk edilmiş xidmət durur. Bu xidmət bəşəri olmalıdır.
İslam dinində öldürülənin şəhid sayılması üçün onun müsəlman olması önəmlidir. Lakin, bu hadisədə şəhid və Milli Qəhrəman sayılmış üç nəfərdən ikisi qeyri-müsəlmandır. Azərbaycan Respublikasının dövlət dini İslam olduğu üçün onlara “şəhid” statusu verilmişdir. Çünki, hər üçü ali bir amal uğrunda bu Vətənə xidmət edərkən həlak olmuşdur. Daha doğrusu, özlərini bu müqəddəs yolda fəda edərək, qırxa yaxın insanın sağ qalmasına nail ola bilmişdilər. Onlar döyüşçü olmasalar da şəhidlik zirvəsinə qalxa bildilər.
Müəllif hər iki məqama digər əsərlərində də dəfələrlə toxunaraq Həbib Nəccar kimi əqidəli bir xidmətin şəhadət məqamına layiq olduğunu hər müsəlmana və şəxsə təlqin etməyə çalışır. Təsadüfi deyil ki, əsərin qəhrəmanlarından biri, əsas pilot İqor Kşnyakin məhz, İslami qaydalara əməl edərək işə “Bismillahla” başlar, “Ya Məhəmməd, ya Əli” – deyərək öz əqidə yolunu dilə gətirərdi. O da Lev Tolstoy kimi özünü əsl “Məhəmmədçi” hesab edirdi.
Yuxarıda qeyd etdiyim kimi kitab böyük rezonans doğurmuşdu və bir müddətdən sonra cənublu qardaşlarımız onun tərcüməsini artıq hazırladılar. Iyun ayında artıq bu kitab fars əlifbası ilə nəfis bir formada 300 tirajla cənublu soydaşlarımıza təqdim olundu.
Bu işin əsas ağırlığını öz çiyninə götürən “Xudafərin” jurnalının baş redaktoru və təsisçisi Dr.Hüseyn Şərqidərəcək Soytürk kitabın yuxarıda sadaladığım məziyyətlərinin cənublu oxucular üçün önəmini nəzərdə tutmuşdur. O da bir yazar olaraq öz qələmi, dəyərli düşüncələri ilə xalqına bu istiqamətdə xidmətdədir.
Bu kitabın yeni nəşri həm müəllifə, həm qəhrəmanlara, həm cənublu soydaşlara bir ehtiramdır. Bu, həqiqətən olduqca xoş təsir bağışlayan bir qardaşlıq və əməkdaşlıq nümunəsidir.
Bu işdə “Əbədiyyətə uçan təyyarə” kitabının redaktoru, “Həkəri” qəzetinin təsisçisi və baş redaktoru, yazıçı, AYB-n üzvü Rauf İlyasoğlunun zəhməti böyükdür. Belə ki, cənublu soydaşlarımızın maariflənməsi və əməkdaşlıqdan faydalanması naminə bəzi maddi və ədəbi əlaqələri genişləndirmək məsuliyyətini öz çiyninə götürmüşdür.
Yazıçı Hacı Həsən Hüseynini və yazıçı Rauf İlyasoğlunu təbrik edirəm. Hər ikisinə də yaradıcılıq uğurları, xoş sədalarının gəlməsinin arzu edirəm.

Dilbər Ağayeva
AJB-n üzvü, tarixçi-yazar
Вернуться назад