Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
Dünən, 22:10. Разместил: heqiqet
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, pilot layihələrin həyata keçirilməsində Türkiyə təcrübəsinin öyrənilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Su İşləri İdarəsinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti nazirliyin mütəxəssisləri ilə birlikdə Qəbələ və Salyan rayonlarında pilot layihələrin həyata keçiriləcəyi ərazilərə baxış keçiriblər. Ərazidə aparılan müşahidələr zamanı torpaq sahələrinin mövcud vəziyyəti, suvarma infrastrukturu və yerli şərait qiymətləndirilib. Həmçinin yerli icra hakimiyyətlərinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
Sahələrdə aparılan ilkin təhlillər nəticəsində Qəbələ və Salyanda müəyyən edilmiş ərazilərin Azərbaycanda ilk dəfə həyata keçiriləcək torpaq konsolidasiyası layihələrinin icrası üçün əlverişli olduğu qeyd edilib. Türkiyə təcrübəsi əsasında layihələrin həyata keçirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ilə birgə ilkin yol xəritəsi hazırlanaraq müzakirə olunub.
Həyata keçirilən əməkdaşlıq torpaqların konsolidasiyası sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, pilot layihələrin uğurla icrasına, eləcə də Azərbaycan və Türkiyə arasında aqrar sahədə tərəfdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək.
Вернуться назад