Əli Abbasovun bağ evi nəzarətə götürüldü
13-11-2015, 10:20. Разместил: heqiqet
Nazirin işdən azad olunmasının səbəbləri.Sabiq nazirin Şüvəlanda yerləşən bağ evinə polis və prokurorluq əməkdaşları gedib.
Dünən işdən çıxarılan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla bağlı maraqlı məlumat yayılıb. Məlumata görə, sabiq nazirin Şüvəlanda yerləşən bağ evinə polis və prokurorluq əməkdaşları gəlib.
Dünən Rabitə və Yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib. Prezidentin imzaladığı sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin".
1994-cü ildə 05.13.14 - "İnformasiya emalı və idarəetmə sistemləri" ixtisası üzrə dissertasiya müdafiə edərək və texnika elmləri doktoru adını alıb. 1996-cı ildən professor, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.
Ailəlidir, iki övladı var.
Nazir vəzifəsinə 20 fevral 2004-cü ildə təyin edilib. 7 mart 2014-cü il - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
***
Nazirin işdən azad olunmasının səbəbləri
Bir ay ərzində artıq ikinci nazir prezidetin sərancamı ilə vəzifəsindən kənarlaşdırılıb.
Azərbaycanda son bir ay ərzində prezident İlham Əliyevin sərancamı ilə artıq ikinci nazir vəzifəsindən azad olub. Oktyabrın 17–də Milli Təhlükəsizlik naziri Eldar Mahmudov, dünən isə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov tutduğu vəzifələrindən kənarlaşdırılıblar.
Eldar Mahmudov vəzifəsindən azad olunduqdan sonra onun fəaliyyəti barədə bir çox qaranlıq məqamlar ortaya çıxdı. Sabiq nazirin xarici kəşfiyyat orqanları ilə əlaqəli olması və onun tapşırığı ilə bir çox nüfuzlu insanların telefon danışıqlarının dinlənildiyi bildirildi. Həmçinin Eldar Mahmudovun sahibkarlardan qanunsuz pul yığılması ilə bağlı da xəbərlər yayıldı. Eyni zamanda sabiq nazirin təmsil etdiyi nazirliyin yüksək çinli məmurları həbs edildi.
Eldar Mahmudov vəzifəsindən azad olunduqdan sonra onun ətrafında yaranan qalmaqalda ən çox adı hallanan nazirlik isə Rabitə və Yüksək Texnologiya Nazirliyi idi. Çünki telefon dinləmələrinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirildiyi bildirilirdi.
Bu məlumatların yayıldığı bir vaxtda Eldar Mahmudovun qohumları Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov və Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov vəzifələrindən azad olundu. Daha sonra "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıdı. Onların telefon dinləmələrində kömək etdikləri üçün istintaqa cəlb edildiyi bildirilirdi.
Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra dinləmələrdə adı hallanan və əməkdaşları həbs edilən Əli Abbasov vəzifəsindən azad olundu. Baş verən proseslər deməyə əsas verir ki, nazirin vəzifədən azad edilməsinin səbəblərindən biri təmsil etdiyi qurum ətrafında yaranan qalmaqallardır.
Son vaxtlar İlham Əliyevin Nazirlər Kabinetinin iclaslarında ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı dəfələrlə nazirlərə xəbardarlıq etməsi və son çıxışları onu deməyə əsas verir ki, ölkədə genişmiqyaslı islahatlara başlanılıb.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Millət vəkili Aydın Mirəzadənin sözlərinə görə, zamanı gələndə ölkədə yeni kadrlara ehtiyac olur.
"Prezident baş verən proseslərin içərisində olduğu üçün müvafiq dəyişikliyi vaxtında edir. Bütün bunlar ölkədə aparılan islahatların bir hissəsidir. Kadr dəyişiklikləri əsasən kimsə öz potensialını başa vurduğu zaman baş verir. Bu baxımdan vaxtaşırı kadr dəyişikliyinin edilməsi normal prosesdir. Qısa vaxt ərzində neçə nazirin dəyişməsinin və yaxud da kimin nə qədər işləməsi bir o qədər əhəmiyyət daşımır”.
Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, prezidentin iki naziri bir-birinin ardınca vəzifələrindən azad etməsi bu sahələrdə artıq yeniliyə və işin müasir tələblərə uyğun qurulmasına ehtiyac yarandığını ortaya qoyur.
“Müəyyən zaman ərzində ölkədə yeni bir simaya və fərqli formada fəaliyyət göstərən insanlara ehtiyac yaranır. Prezident də bütün çıxışlarında məmurların və hakimiyyət orqanlarında çalışanların öz vəzifələrinə məsuliyyətlə yanaşmaları barədə tələblər qoyurdu”.
Nazir Əli Abbasovun vəzifəsindən kənarlaşdırılmasının daha bir səbəbi kimi quruma ayrılan maliyyə vəsaitlərinin düzgün və səmərəli formada xərclənməsi barədə tapşırıqların yerinə yetirilməməsini də göstərmək olar.
Azərbaycanda rabitə sahəsinə hər il milyonlarla manat pul ayrılır. Son illərdə isə bu sektora investisiya qoyuluşu təqribən 2,5 milyard ABŞ dolları təşkil edib. Dövlət Neft Fondunun ayırdığı 450 milyon manata yaxın vəsait məhəllə daxili kabellərin optik kabellərlə əvəzlənməsinə imkan yaradırdı. Bu məbləğ əsasən ölkədə telefon və internet şəbəkəsinin yenidən qurulmasına və bərpasına xərclənməsi nəzərdə tutulurdu.
Amma İKT sektorunun ÜDM-də payı 2% civarında dəyişir. Ümumilikdə isə yaxın dövrlər ərzində İKT sektoruna qoyulan vəsaitin şişirdildiyi və yatırılan məbləğin isə düzgün xərclənməməsi bu sahənin zəif inkişaf etməsinə səbəb olub. Azərbaycanda internet və rabitə xidmətlərinin aşağı olması problemi dəfələrlə gündəmə gətirilib.
Mənbə: 2013, 2014, 2015-ci illərin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunları
Bütün bu səbəblər və sərmayələrin gəlir gətirməməsi bu sahədə də islahatların və kadr dəyişikliklərinin həyata keçirməsini labüd edirdi.
Вернуться назад