Qəlb sandığı sirlə dolu bir aləmdir
2-03-2016, 17:43. Разместил: heqiqet
Qəlbim sirlərin sandığı,
Açarları dilimdədir.
Mümkün deyil açılması,
İxtiyarı əlimdədir.
(“Sirri deməzlər” B.Alxanlı)
Barəsində söz dediyim çox hörmətli müəllim, əziz dost Babaxan Alxanlının yenicə nəşr olunan ”Qələm sirr sandığıdır” adlı kitabını oxuyuram ...
Qoşmalardan ibarət bu şeir kitabı Bakı – “gənclik” -2015 Nəşriyyatında çap edilmişdir. Müəllifin 7-ci kitabıdır. Mən isə ağsaqqal haqqında ikinci ESSE-mi yazmağa qərar verdim.
Bu zamanda bir sinnidə sözə möhtaclar söz çatdırmaq hər kişinin işi deyil. Yaşadığımız günlərin içində özün tanımaz, sözün bilməz cahillik höküm sürür. Elatda nəsihətə qulaq asan, tərbiyəçiyə baş əyən doğrusu çox azdır. Bəzən yazdığları ilə baş-başa qalan şair “Özündən inci” adlı yazısında belə deyir:
Demə dünya durdu mənim qəsdimə,
Demə həyat dərd qaladı üstümə,
Yandı baxtım, zaman gəldi tüstümə,
Səhvin var, ay bala özündən inci.
Şirin sözlə ixtilata başlayır, hikmətimiz söz seçməyi bacarır, gülər üzlə, açıq qəlblə, xoş baxışda qarşılayır “düşmənini”! ???-dan yorulan Babaxan müəllim deyir ki, kif basmış, cavabsız, qaranlıq, yöntəmsiz, yarıtmaz, qarışıq suallar lap yorub məni.
Müəlliminə belə salam verməyənlər, milləti rüsvay edənlər, dırnaqarası pullular, soykökünə, zatına nəzər etməyənlər, valideyinlərini qocalar evinə atanlara qarşı belə qəlb həssaslığı ilə cavab verir.
Kimə eləyəsən bu şikayəti?!
Bir parası rüsvay edib milləti,
Babaxan, gəl qurtar bu söhbəti,
Qarışıq suallar lap yorub məni.
Gündəmdə olan ictimai-sosial problemləri özündə ehtiva edən şeirləridə çoxdu şairin. Və bir də boş-boşuna yaşamaqdan, bivec yerə qaçmaqdan,yaddaşlarda qalmamaqdan qorxuram deyir.
Yazılmış ömrünü yaşayır insan,
Vaxtın tamam oldu, getdin Babaxan
Olacaqmı səni bir xatırlayan?!
Yaddaşlarda qalmamaqdan qorxuram.
Şairin EŞQLİ vaxtları da az olmayıb...
Babaxan istəyir bu sevda bitsin,
Ortada tək qalıb hayana getsin,
Dərdimi kağıza yazmayım neynim?!
Bəli, ərənləri yada salıb, tədbirli davranan Babaxan müəllim beləcə ömrünü bada vermir. Mürgülü, yuxulu gəzmir dünyada, gözüaçıq halda müşkül işlərini bax beləcə həll edir. Ömrün ixtiyar çağında olsa belə:
Ömrümün payızı xoşuma gəlmir,
Payız öz yerini qışa verəcək
Qar yağacaq, soyuq külək əsəcək,
Nə meyvə olacaq nə də gül-çiçək,
Ömrümün payızı xoşuma gəlmir...
- deyir.
Bax beləcə, qəlb sandığı sirlə dolu bir aləm olan şair Babaxan Alxanlını səhifələdikcə sanki darıxma deyir bizə.
Başıma gələni kağıza yazıb,
Bir gün yox olacam əlindən bezib.
Hardasan, Babaxan, hardasn deyib,
Diyar-diyar gəzəcəksən darıxma.
və yaxud:
Qəlbim sirlərin sandığı
Açarları dilimdədir...
Gizləmişəm könlümdədir,
Babaxan sirr verən deyil,
Deyildimi o sirr deyil,
Nə qədər ki, aləmdədir.
Əziz oxucular, şairlər çox həssas qəlb sahibləridir. İncə, kövrək duyğularla nəfəs alırlar. Hər şeirə can-ruh verirlər ki, ruhsuz zavallılar heç olmasa qidalana bilsinlər. Odur ki, mənəvi sıxıntılarımıza ortaq oaln bu qəlbi sirr sandığı olan şairlər aləminə incə və inci ürəklə yaxınlaşır...
Xətrimi saxlayıb, əziz tutanlar,
Fikirli olanda mənə dəyməyin.
Ay məni tanıyıb-tanımayanlar,
Təklikdə qalanda mənə dəyməyin.
Nə isə, boynumuzda haqqı olan bir filoloq-müəllim haqqında söz deməyə mükəlləf olduq. Şair diliylə iqrar edərək:
Sözlər de ki, olsun qəlbi güldürən,
Xoşnur olsun, ləzzət alsın eşidən,
Sözə qiymət verən, söz qədri bilən ,
Babaxana qulaq asan xoş gəlib.
Yazdıqlarıma əlavə olaraq bir şeir də yazmalı oldum.
Sözün də əsrarı, açarı vardır,
Söz vəddir, inamdır, əhd, etibardır,
O içdən səslənən-haqdan izhardır
Sözdən söz doğsun gərək...
(A.A)

Ağatahir Cəbirli,
şair-publisist.
Вернуться назад