Azərbaycanda 4000-dən artıq şəxs İİV test müayinəsindən keçib
28-11-2016, 14:42. Разместил: heqiqet
"Avropa İİV-ə testləşmə həftəsi" çərçivəsində noyabrın 18-dən 25-dək İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə bağlı müayinə və məsləhətləşmə aksiyaları keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, aksiya zamanı mərkəzin mütəxəssisləri İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə iştirakçılara ətraflı məlumat veriblər. Tədbirdə könüllü olaraq 4000-dən artıq insan İİV test müayinəsindən keçiblər.Bununla yanaşı "Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində ölkənin bir necə şəhər və qəsəbələrdə geniş əhali kütləsi üçün İİV-lə bağlı müayinələr və maarifləndirici tədbirlər aparılıb, broşur və bukletlər paylanıb. Bu aksiyalar zamanı pulsuz və anonim qaydada İİV-ə ekspress-testdən keçmək, 15 dəqiqə ərzində öz İİV statusunu (yoluxub-yoluxmamağını) müəyyən etmək imkanı yaradılıb.
Qeyd edilib ki, “Avropa İİV-ə testləşmə həftəsi-2016” ümumavropa müayinə və maarifləndirmə kampaniyasında Avropanın 54 ölkəsindən 800-dən çox dövlət və ictimai təşkilatlar iştirak edib. İlk dəfə “Avropa İİV-ə testləşmə həftəsi” 2013-cü ildə 20 beynəlxalq təşkilatın təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının himayədarlığı ilə keçirilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzi “1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü “ ilə əlaqədar dekabrın 1-dən 10-dək müəssisə və təşkilatlarda İİV/QİÇS-lə bağlı müayinə, maarifləndirmə tədbirlərini davam etdirəcək.
Вернуться назад