Möhürlərində dövlət gerbinin təsvirinə icazə verilən təşkilatların kateqoriyası müəyyənləşdirilib Böyüt
7-02-2017, 12:24. Разместил: heqiqet
Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nı təsdiq edib.“Elektron imza və elektron sənəd haqqında” qanuna əsasən elektron imza olduğu halda, dövlət orqanları tərəfindən həyata keçirilən yazışmalara bu Qayda şamil olunmur.
Dövlət gerbinin təsviri olan möhürlərin hazırlanması “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq lisenziya verilmiş hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir. Dövlət gerbinin təsviri olan sənəd blanklarının hazırlanması vergi ödəyicisi kimi uçota alınmış poliqrafiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir. Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması təşkilatların rəhbərlərinin imzası ilə təsdiq edilmiş möhürlərin və sənəd blanklarının eskizləri və təşkilatların Dövlət gerbinin təsvirindən istifadə etmək hüququnu təsdiqləyən qərarların, həmin təşkilatların əsasnamələrinin və ya nizamnamələrinin surətləri əlavə olunmaqla dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının, habelə dövlət orqanları tərəfindən yaradılan digər hüquqi şəxslərin (təşkilatlar) sifarişi əsasında hazırlanır. Əsasnamə ilə müəyyən olunmuş hallardan başqa, yalnız nizamnamələrinə və əsasnamələrinə görə Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ olan təşkilatların blanklarında Dövlət gerbinin təsvirindən istifadə edilməsinə yol verilir. Təşkilatlarda sənədlər blanklarda tərtib edilir. Əsli təsdiq edilməli olan maliyyə sənədlərinə, arayışlara, vəsiqələrə, nizamnamələrə, əsasnamələrə, əmək kitabçalarına, sənədlərin məhv edilmək üçün ayrılması aktlarına, habelə hüquqi və inzibati aktlara imza qoyulmaqla yanaşı, Dövlət gerbi əks olunmuş möhür də vurulur. Əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə, ona möhür vurulmalıdır. Möhür sənədin rəsmi və həqiqi olması üçün vurulur. Möhür vəzifə adının və şəxsi imzanın üstünü tutmamalıdır. Bu mümkün olmadıqda isə möhür elə vurulmalıdır ki, vəzifə adı və şəxsi imza aydın tanınsın. Dövlət gerbinin təsviri olan sənəd blankları hər təqvim ilinin sonunadək təşkilatlarda saxlanılır. İldə bir dəfə Dövlət gerbinin təsviri olan hər bir blankın saxlanılması, istifadə olunması və uçotunun aparılması yoxlanılır.
Dövlət gerbinin təsviri olan möhürlərin və yararsız vəziyyətə düşmüş, növbəti il üçün əhəmiyyətini itirən sənəd blanklarının məhv edilməsi təşkilatda yaradılan komissiya tərəfindən tərtib edilmiş akt əsasında bilavasitə təşkilatın özündə həyata keçirilir.
Yeni Qaydanın təsdiqi ilə əlaqədar “Dövlət gerbi olan möhürdən istifadə etmək haqqında” Ümumazərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1935-ci il 20 fevral tarixli, “Möhür və ştamplar hazırlamaq və onlardan istifadə etmək haqqında” ASSR Xalq Komissarları Sovetinin 1935-ci il 6 noyabr tarixli, 1167 nömrəli, “Möhürlərin, çek kitabçalarının və rəsmi blankların dövlət və kooperativ təşkilatlarında və idarələrində saxlanması qaydası haqqında” Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1936-cı il 17 iyul tarixli 762 nömrəli və “Azərbaycan yazısının latın əlifbasından rus əlifbası qrafikasına keçməsi ilə əlaqədar olaraq, ştampların və möhürlərin dəyişdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1939-cu il 15 noyabr tarixli 5218 nömrəli qərarları ləğv edilib.
Вернуться назад