» » Azərbaycanda qeydiyyatda olan talassemiyalı xəstələrin sayı açıqlanıb


Azərbaycanda qeydiyyatda olan talassemiyalı xəstələrin sayı açıqlanıb

8-05-2017, 15:23
Çap et
Azərbaycanda qeydiyyatda olan talassemiyalı xəstələrin sayı açıqlanıb Azərbaycanda qeydiyyatda olan talassemiyalı xəstələrin sayı açıqlanıb. APA-nın xəbərinə görə, Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov Beynəlxalq Talassemiya Günü ilə bağlı keçirilən tədbirdə bildirib ki, bu ilin aprel ayına qədər mərkəzdə dispanser qeydiyyatına 2959 xəstə salınıb.
Onların daimi müşahidə altında olduğunu deyən mərkəz direktoru vurğulayıb ki, onlar vəziyyətlərindən asılı olaraq ümumi, müvafiq və yaxud xüsusi, spesifik müalicə alırlar, dərman preparatları ilə təmin olunurlar. Onun sözlərinə görə, mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür: “Talassemiya xəstəliyi Azərbaycanda geniş yayılmış problemlərdən biridir. 2017-ci ilin üç ayı ərzində Respublika Talassemiya Mərkəzinə 6273 müraciət daxil olub. Bunlardan 603-ü ilkin müraciət etmiş şəxslərin 72 nəfəri dispanser qeydiyyata götürülüb. Mərkəzin Hematologiya şöbəsində 2017-ci ilin 3 ayı ərzində 105 xəstə stasionar müalicə alıb. Mərkəzdə dispanser qeydiyyatda olan 2959 xəstənin 2/3-si uşaqlardır. Uşaqlar adətən dəqiq diaqnoz qoymaqdan ötrü bir yaşından talassemiya daşıyıcılığına görə müalicə olunur. Amma dünyaya gəldikdən qısa müddət sonra qan azlığının ağır forması olan anemiya müşahidə edilir. Dəqiq diaqnozun qoyulması 1 yaşdan sonra mümkün olur”.
C.Məmmədov qeyd edib ki, talassemiya xəstəliyi erkən yaşlardan müşahidə olunur. Onun sözlərinə görə, irsi xəstəlik olduğu üçün diaqnoz kiçik yaş dövründə qoyulur, yeniyetmə, böyük yaşlarda davamlı olaraq müalicə aparılır.
Mərkəz direktoru talassemiyanın Azərbaycanda geniş yayıldığı əraziləri də açıqlayıb: “Azərbaycanın bütün bölgələrində bu xəstəlik müşahidə olunur. Amma Aran bölgəsi, Ağdaş, Göyçay, Şəki, Qəbələ və cənub zonasında talassemiya xəstələrinin sayı daha çoxdur. Diaqnostik müayinənin təkmilləşməsi nəticəsində talassemiyalı xəstələrin yaşama müddətində artım var. Onların orta statistik yaşı 37-42 yaş arasındadır”.
Reytinq: