Heqiqet.Az » iqtisadiyyat » Bərpaolunan enerji üçüncü nəhəng ixrac istiqaməti ola bilər - ŞƏRH


Bərpaolunan enerji üçüncü nəhəng ixrac istiqaməti ola bilər - ŞƏRH

6-03-2024, 11:31
Çap et
Azərbaycanda enerji ixracının potensialı kifayət qədərdir.
Bunu iqtisadçı ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, ölkəmiz bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir.
"Belə ki, ölkə üzrə ötən il elektrik enerjisi istehsalı qeyri-neft sektorunda birinci yeri tutub. Belə ki, 402 milyon dollardan çox elektrik enerjisi ixrac edilib. Qeyri-neft ixracımızın 12,2% elektrik enerjisi olub. Müqayisə üçün, 2022-ci ildə 121,6 mln. dollar dəyərində elektrik enerjisi ixrac etmişik. Yəni 2022-ci illə müqayisədə sonrakı 1 ildə elektrik enerjisi ixracı 3.3 dəfədən çox artıb. Ölkəmiz elektrik enerjisini, əsasən, Gürcüstan və Türkiyəyə ixrac edir.
Ölkəmiz ötən il “Masdar” şirkəti ilə Qaradağda Xəzər re­gionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasını inşa edib. GES Abu-Dabi İnkişaf Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) tərəfindən birgə maliyyələşdirilib".
Ekspert qeyd edib ki, Azərbaycanda yaxın illərdə istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacağı gözlənilir.
"Bu, iki istiqamətdə olacaq. Birincisi, elektrik enerjisi istehsalında istifadə olunan qaza qənaət edib ixraca yönəldə bilərik. Növbəti mərhələdə həm Türkiyəyə, həm də Qara dənizin dibi ilə çəkiləcək xətlə bir neçə Avropa ölkəsinə elektrik verilməsi razılaşdırılıb.
Bu layihələr reallaşandan sonra neft və qaz ixracından sonra üçüncü nəhəng ixrac istiqaməti formalaşa bilər. Lakin bunun üçün infrastruktura böyük investisiya lazımdır", - deyə ekspert vurğulayıb.
Reytinq: