Bakıda qlobal sanksiya tendensiyaları barədə dəyirmi masa təşkil edilib4-11-2024, 13:48
Çap et Noyabrın 4-də Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi sanksiyalarla bağlı lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə STM-in “Dezinformasiyaya qarşı mübarizə: İfşa Detektoru” layihəsi çərçivəsində aparılmış növbəti tədqiqat “Azərbaycana qarşı sanksiyalarda erməni lobbiçiliyi və siyasi korrupsiya. Şəbəkə. Faktlar. İfşa.” adlı kitab təqdim edilib. Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, hərb meydanında məğlub olan Ermənistan müxtəlif yollarla Azərbaycandan qisas almağa çalışır. Onun sözlərinə görə, dünyada heç vaxt indiki qədər parçalanma və qütbləşmə olmayıb. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının əsas məqsədi Qələbəmizi əlimizdən almaq, onu gözdən salmaq, Azərbaycanın regiondakı nüfuzunu zədələməkdir. Deputat əlavə edib ki, Qarabağ Zəfərindən sonra ABŞ Konqresində Azərbaycana qarşı kampaniya aparanların maliyyə yardımı artırılır. "Son 35 ildə məruz qaldığımız 907-ci düzəlişə baxmayaraq, yerləşdiyimiz bölgədə genişmiqyaslı sanksiyalara məruz qalmayan tək ölkəyik. Prezident İlham Əliyev strateq kimi Azərbaycanı beynəlxalq iqtisadi-siyasi cəza və qadağalardan qoruyur", - deyə STM-in sədri vurğulayıb. O, sanksiyalardan qorunmaq üçün İrəvan-Bakı qarşıdurmasına son qoyulmasının vacib olduğunu deyib. Milli Məclisin deputatı, “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya”nın sədri Ramid Namazov "COP29-da ölkəmizə yekdil dəstək: beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzunun göstəricisi və erməni lobbisinin zəifliyi" mövzusunda çıxış edib. O, çıxışında məsələnin tarixi məqamlarını diqqətə çatdıraraq, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu vurğulayıb. R.Namazov qeyd edib ki, ölkəmizə göstərilən bu geniş dəstək, Azərbaycanın dünya səhnəsində mövqeyinin gücləndiyini və erməni lobbisinin təsir imkanlarının zəiflədiyini nümayiş etdirir. Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı Zəfərin bir çox dairələri qıcıqlandırdığını vurğulayan Milli Məclisin deputatı Fariz İsmayılzadə isə deyib: “Onlar Qələbəmizə qısqanclıqla baxırlar. Hətta torpaqlarımız işğal altında olan dövrdə də sanksiyalara məruz qalırdıq. Yəni, torpaqlarımızı azad edəndə də, işğala məruz qalanda da sanksiyalara məruz qalmışıq. Bunun da əsasında erməni lobbisinin fəaliyyəti və din amilinin böyük rolu var. Bu prosesə isə QHT-lər və media mənsubları cəlb olunur”. F.İsmayılzadə bildirib ki, ermənilər və digər anti-Azərbaycan qüvvələr ölkəmizin bank sisteminə, enerji təhlükəsizliyinə qarşı kiberhücumlar edirlər. Belə hücumlar gələcəkdə daha təhlükəli xarakter ala bilər ki, bu da Qarabağa qarşı iddiaları özündə ehtiva edir. Ona görə də yeni təhdid formalarına hazır olmalıyıq. Milli Məclisin deputatı Mübariz Qurbanlı Azərbaycanın işğal edilmiş ölkədən qalib ölkəyə qədər keçdiyi yola, Qarabağ Zəfərindən sonra müşahidə edilən sanksiya fəallığının dinamikasına nəzər salıb. Bildirib ki, ABŞ dünyada ən çox sanksiya tətbiq edən ölkə olaraq öz məqsədlərinə çatmaq istəyir. Onun sözlərinə görə, ABŞ-ın haqsız olaraq tətbiq etdiyi 907-ci düzəlişin qəbul edilməsi erməni lobbisinin təsirinin və Amerikanın geosiyasi baxışlarının nəticəsidir. Tədqiqatın müəllifi, STM-in İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova “Azərbaycana qarşı sanksiyalarda erməni lobbiçiliyi və siyasi korrupsiya” adlı kitabla bağlı məlumat verib. O qeyd edib ki, Azərbaycanın adını müxtəlif beynəlxalq insan hüquqları təşkilatlarında, ədalət və cinayət məhkəmələrində hallandırmaq, hesabat və reytinqlərdə neqativ təqdim etmək, parlamentlərdə qərəzli qətnamələr qəbul etdirmək cəhdlərinin sayı-hesabı yoxdur. Qarabağın işğaldan azad edilməsindən sonra qlobal erməni diasporunun revanşizm isterikası fonunda bu fəaliyyət çoxsaylı istiqamətlərdə dəfələrlə güclənib. Professor bildirib ki, 2023-cü il aprelin 26-da ABŞ Konqresinin, əsasən erməni qrupuna aid olan bir qrup üzvü tərəfindən Azərbaycana qarşı sanksiya layihəsi təqdim edilib. Bu, iki ölkə arasındakı münasibətlər tarixində ilk belə hadisədir. T.Allahyarovanın sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan araşdırmalar bir daha sübut edir ki, xüsusilə son illər beynəlxalq insan hüquqları təşkilatlarında, məhkəmə və ədliyyə qurumlarında, parlamentlərdə, QHT-lərdə ermənilərin həm rəhbərlik, həm də işçi heyətdə şəbəkələşməsi olduqca genişlənib və qlobal miqyas alıb. Tədbir mövzu ətrafında çıxışlar və müzakirələrlə davam edib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|