Heqiqet.Az » musahibe » İradə İbrahimova doğuş videosundan və haqqındakı şayiələrdən danışdı - MÜSAHİBƏ


İradə İbrahimova doğuş videosundan və haqqındakı şayiələrdən danışdı - MÜSAHİBƏ

19-02-2016, 06:34
Çap et
İradə İbrahimova doğuş videosundan və haqqındakı şayiələrdən danışdı - MÜSAHİBƏ “Müvəqqəti çətinliklərə hər birimiz hazır olmalıyıq”
Türkiyədə yaşayan müğənni İradə İbrahimovanın müsahibəsi
- İlk öncə başlayaq yaradıcılıq işlərinizdən. Nə yeniliklər var?
- Yaradıcılıq haqqında hələlik konkret bir şey deyə bilməyəcəm. Planlar çoxdur. İkinci övladım Əli hələ çox balacadır. Ona göstərəcəyim diqqəti, zamanı başqa işlər üçün xərcləyə bilmərəm. Bu yaxınlarda bir təklif aldım. Azərbaycanda nümayişi nəzərdə tutulan bir tele-layihə idi. Türkiyədə ərsəyə gətirilməsi nəzərdə tutulmuşdu. Çəkilişlər bizim evdən çox uzaqda idi. Əli ana südü ilə qidalandığı üçün onu qoyub saatlarla verilişə zaman ayıra bilmədim. İlk övladımda da eyni belə idim. Bakıya gəlirdim, çəkilişə gedəndə, bütün fikrim İpəyin yeməyində, yatmağında qalırdı.
- Yenidən ana olduğunuza görə, yəqin, bir neçə ay efirlərdən uzaq olacaqsınız?
- Efirlərə hələ çıxmıram. Əliyə hamilə olduğumu biləndə qarşıdakı aylar üçün planlarımı təxirə saldım. Övladımın sağlam dünyaya gəlməsi hər şeydən önəmli idi. Amma bu, o demək deyil ki, iki uşaqdan sonra sənətimi dayandıracam. Oğlum bir az da dirçəlsin, yenidən işlərimin başına qayıdacam. Az qalıb.
- Bir çox məşhurlar kimi siz də sosial şəbəkədə tənqidlərə, hətta şərlərə məruz qalırsınız. Bunun çıxış yolunu nədə görürsünüz?
- Sosial şəbəkədəki tənqidlər, iftiralar çoxları kimi bəzən məni də narahat edir. Gözəl hisslər pis niyyətləri, baxışları ilə o qədər çirkləndirirlər ki, Allahdan ancaq “səbr” istəyirəm. Əslində, özümü o çirkabların məngənəsində görmürəm ki, ondan çıxış yolu da düşünüm. Əgər bir insanın daxilində ancaq məkrli hisslər yatırsa, onunla mübarizə onun səviyyəsinə düşmək deməkdir.
-İkinci dəfə ana olan zaman lentə alınan videonun sosial şəbəkədə yayılması xeyli müzakirə olundu. Hətta həmkarlarınızdan Lalə Məmmədova və digər məşhurlar sizin müdafiənizə qalxdı. Fikirləriniz?
- Lalə Məmmədova ilə yanaşı millət vəkili, iş adamları daha kimlər deyim... Bunu görüb o qədər duyğulananlar oldu ki... Mənə təsir edən onun efirə çıxarılaraq, aparıcının öz xeyrinə reytinqə çevirməsi oldu. Məsələyə başqa sferadan yanaşdı. Təbii ki, onu cavabsız qoymadım. Mən dünyaya sağlam övlad gətirmişəm, gözəl ailəm var. Bu, mənə bəsdir.
- İkinci dəfə ailə qurmağınızla bağlı şayiələrə də münasibət bildirərdiniz.
- Mən ümumiyyətlə şayiələrdən danışmaq istəmirəm. Mən nə qədər yaxşı, nümunəvi olsam da, qara fikirli insanların bir tərəfdən qurdalayıb, məni gözdən salmaq üçün variantları olacaq. Bu, tək mənim başıma gələn bir şey deyil. Əksəriyyət belə şər-böhtanlara tuş gəlir. Ən yaxşısı əhəmiyyət verməməkdir. Çünki hər dəfə insanlara “əslində o deyilənlər düz deyil, həqiqət belədir” deməyim ailəmə, özümə qanqaralıq gətirir. Ömrümdən gedir. Ürəyimizi boş söhbətlərə görə bulandırmaq istəmirik.
- Türkiyəli aktyor Cem Yılmazın “Ali baba və 7 cücələr” filmində sizin ifa etdiyiniz “Neyləyək” adlı mahnının da yer alması əslində çox xoş xəbər idi. Amma bu da bir mənalı qarşılanmadı. Aparıcı Elgiz Əkbər bu məsələni çox böyütməyin əsassız olduğunu bildirmişdi...?
- Əgər bir şəxs həmyerlisinin uğuruna ötəri yanaşır, hətta bunu boş bir xəbər kimi görürsə, məncə, içindəki kini təmizləsin. Mən Türkiyədən vətənimdən eşitdiyim gözəl xəbərlərin hamısına sevinirəm, hətta gözlərim yaşarır.
- Son dövrlər Azərbaycan şou-biznesində baş verən hadisələrdən xəbərdarsınızmı?
- Bir o qədər yox. Başım ailəyə, uşaqlara elə qarışıb ki, hər gün xəbərləri izləyə bilmirəm.
Düşünmürsünüz ki, şou-biznesdə olan qalmaqallar cəmiyyətə mənfi nümunədir?
- Hər bir cəmiyyətdəki xoşagəlməz halları yaxşı nümunə hesab etmək olmaz. Şou-biznesdə yeni simalar, yeni səslər gəlməkdə davam edir. Bunların içində qalmaqallıları da istisna deyil.
- Devalvasiyanın sizə təsiri oldumu?
- Bundan bütün dünya ziyan çəkdi. Bizdən də yan keçmədi. Amma çox şükür büdcəmizə qənaət etməyi bacarırıq. Müvəqqəti çətinliklərə hər birimiz hazır olmalıyıq.
Reytinq: