Heqiqet.Az » sosial » Azərbaycanda əmək qabiliyyəti üçün minimum yaş dövrü ilə bağlı dəyişiklik nəzərdə tutulmur


Azərbaycanda əmək qabiliyyəti üçün minimum yaş dövrü ilə bağlı dəyişiklik nəzərdə tutulmur

31-03-2016, 17:01
Çap et
Azərbaycanda əmək qabiliyyəti üçün minimum yaş dövrü ilə bağlı dəyişiklik nəzərdə tutulmur Azərbaycanda əmək qabiliyyəti üçün minimum yaş dövründə hər hansı dəyişikliyin edilməsi nəzərdə tutulmur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
Onun sözlərinə görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Sosial sığorta haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı bildirilib ki, qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci bəndinə “Qeyd” hissəsi əlavə edilir: "Sözügedən hissədə deyilir ki, məcburi dövlət sosial sığorta haqqı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının torpaqların müxtəlif keyfiyyət qrupları üzrə müvafiq faizi miqdarında ödənilir. Bura əlavə olunan “Qeyd” hissəsində isə bildirilir ki, bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür".
E.Babayev deyib ki, bu dəyişiklik “Sosial sığorta haqqında” qanunda əmək qabiliyyətli şəxslərlə əlaqədar dəqiqləşdirmənin aparılması məqsədilə hazırlanıb: "Yəni burada hər hansı dəyişiklikdən söhbət getmir. Beynəlxalq Əmək Təşkilatının Azərbaycan tərəfindən ratifikasiya olunmuş 138 nömrəli Konvensiyasına uyğun olaraq, hələ 1999-cu ildən əmək qabiliyyəti üçün minimum yaş dövrü 15 yaş səviyyəsində təsbit edilib. Belə ki, həmin il qəbul edilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Bununla yanaşı, ölkəmizin əmək qanunvericiliyinə əsasən, 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır".
Reytinq: