Heqiqet.Az » tehsil » "Unudulmaz məzun Aida İmanquliyeva" kitabının təqdimat mərasimi keçirilib


"Unudulmaz məzun Aida İmanquliyeva" kitabının təqdimat mərasimi keçirilib

13-06-2016, 12:43
Çap et
"Unudulmaz məzun Aida İmanquliyeva" kitabının təqdimat mərasimi keçirilib Bakının 132-134 saylı Təhsil Kompleksində "Unudulmaz məzun Aida İmanquliyeva" adlı kitabın təqdimat mərasimi keçirilib.
132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova Aida İmanquliyevanın bu məktəbin məzunu olmasından fəxr etdiklərini deyib.
Bu məktəbin 100-dən çox yaşı olduğunu bildirən S.Xanlarova əlavə edib ki, məktəb rəhbərliyi hər il bir tanınmış məzunu haqqında kitab hazırlamağı qərara alıb.
Məktəb direktoru deyib ki, ən məşhur məzunları A.İmanquliyeva olduğu üçün ilk kitab onun haqqında hazırlanıb. Kitabda A.İmanquliyevanın həyat və yaradıcılığı geniş işıqlandırılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib ki, A.İmanquliyeva ilə eyni dövrdə yaşamasından və onunla eyni dövrdə AMEA-da çalışmasından fəxr edir: "Onun vaxtsız vəfatı həm bizim, həm də xalqımız üçün böyük itki idi. Ancaq bu gün doğrudan da çox fərəhli gündür. Bu gün bu mötəbər məktəbin məzunu haqqında söhbət açmaq həm xoşdur, həm də böyük məsuliyyətdir".
A.Əlizadə deyib ki, Aida xanım Azərbaycan şərqşünaslıq elminin çox böyük alimi idi. O, bu məktəbi bitirəndən sonra bütün həyatını elmə bağlayıb: "O, az sayda alimlərdən biridir ki, onun əlindən çıxan əsərlər indiyədək öz əhəmiyyətini itirməyib. Aida xanımın müraciət etdiyi şəxsiyyətlər intellektual cəmiyyət üçün bu gün də diqqət mərkəzindədir. Bu dahi mütəfəkkirlərin ideyaları, Aida xanımın sülhə, əmin-amanlığa çağırışı bu gün də öz aktuallığını itirmir".
AMEA prezidenti bildirib ki, Aida xanım həm Şərqin, həm də Qərbin dili ilə danışmağı bacarırdı: "Aida İmanquliyeva Şərq-Qərb ədəbiyyatını araşdıran böyük Azərbaycan şərqşünas alimidir".
Akademik Vasim Məmmədəliyev isə deyib ki, A.İmanquliyeva yeni ərəb ədəbiyyatının gözəl araşdırıcısı idi. Onun sözlərinə görə, yeni ərəb ədəbiyyatını klassik ərəb ədəbiyyatı ilə fərqləndirici şəkildə işləyərək təqdim etmək yüksək bacarıq tələb edir.
A.İmanquliyevanın əvəzedilməz alim olduğunu deyən V.Məmmədəliyev onun çox təvazökar bir xanım olduğunu deyib: "Onu müxtəlif ölkələrdə - Gürcüstanda, Rusiyada, Livanda, Suriyada yaxşı tanıyırdılar. O, dünya şöhrətli alim idi. Onun fikirlərinə istinadlar edilirdi ki, bu da alim üçün ən böyük uğur idi".
Tədbirdə akademik Əhliman Əmiraslanov, AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva da A.İmanquliyeva haqqında fikirlərini bildiriblər.
Tədbirdə A.İmanquliyeva haqqında qısametrajlı film də nümayiş olunub.
Reytinq: