DataLife Engine > --- > “KİV haqqında qanuna edilən sonuncu dəyişiklik tamamilə mənasızdır”

“KİV haqqında qanuna edilən sonuncu dəyişiklik tamamilə mənasızdır”


6-11-2015, 12:57. Разместил: heqiqet “KİV haqqında qanuna edilən sonuncu dəyişiklik tamamilə mənasızdır” Arif Əliyev: “Xırda problemlərə diqqət böyük problemlərin həllini arxa plana keçirir”

Məlum olduğu kimi, KİV haqqında qanuna növbəti dəfə dəyişiklik edilib. Dəyişikliyə görə, qanunun 44-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilib ki, “kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir”.
Maraqlıdır, KİV haqqında qanuna edilən son düzəliş medianın azadlığının məhdudlaşdrılması kimi dəyərləndirilə bilərmi? Demək olarmı ki, bu düzəlişdən sonra media istəsə də, istəməsə də istintaq orqanlarının çaldığı havaya oynamalı olacaq?
Məsələ ilə bağlı açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev belə bir dəyişikliyə heç bir lüzum görmədiyini vurğulayıb. A.Əliyevin sözlərinə görə, bu, tamamilə mənasız və heç bir önəm kəsb etməyən dəyişiklikdir:
“Mən KİV haqqında qanuna edilən dəyişikliyi mənasız hesab edirəm. Çünki qanun imkan verir ki, hər hansı bir şəxs barəsində yazılmış xəbərlə bağlı təkzib tələb etsin, yaxud hər hansı formada məlumatın dəyişirilməsini KİV-dən tələb etsin. Hər bir cinayət işində də maraqlı tərəflər bu yöndə KİV qarşısında tələblərlə çıxış edə bilər. Əgər fərdlərə belə bir hüquq tanınıbsa, o zaman nə üçün hər hansı bir dövlət orqanı bu məsələdə vasitəçi rolunda çıxış etməlidir? Niyə həmin fərdlə ortaq mövqe sərgiləməlidir? Hər hansı bir şəxs onun barəsində yazılan məlumatla razı deyilsə, onu narazı salan məsələni həll etmək üçün hüquqi yollara əl ata bilər. Yaxud hansısa dövlət orqanı dərc edilən hansısa məlumatla bağlı narahatlıq keçirirsə, orda nəyisə dəyişdirmək istəyirsə, bunun da müvafiq proseduru və yolları mövcuddur”.
A.Əliyevin qənaətincə, son vaxtlar qanunvericilikdə xırda məsələlərə diqqət o qədər artıb ki, böyük, daha ciddi problemlər arxa plana keçib: “Son illər bizim qanunvericiliyimiz bu cür xırda və məntiqsiz şeylərlə xeyli dərəcədə yüklənib. Xatırlayırsınızsa, son bir neçə ildə qəbul edilən qanunların böyük əksəriyyəti yaddan çıxıb və ümumiyyətlə tətbiq edilmir. Informasiya vasitələrinin adlarından tutmuş onların fəaliyyətinin digər xırda cəhətlərinə qədər bir çox məsələlərə önəm verilmir.
Mümkün olan bir şeyin xüsusilə mümkün olması haqqında bu cür qərarlar, bəndlər əlavə olunur. Xəbərdarlıqlarla bağlı edilən dəyişikliklər buna misaldır. Hansı ki, orada göstərilirdi ki, iki dəfə xəbərdarlıq olsa belə olacaq, üçüncü dəfə olsa elə olacaq və s. İndi baxaq görək bu dəyişikliklər nəyi dəyişdi? Nə KİV-lərin, nə də cəmiyyətin həyatında heç nə dəyişmədi. KİV-lərin fəaliyyəti ilə bağlı dəyişdirilməsi, islah olunası o qədər problem və məsələlər mövcuddur ki, bu məsələlərə fikir verən yoxdur. Halbuki, onların qanunvericilik müstəvisində həlli daha zəruri və faydalıdır. Təəssüflər olsun ki, bu cür əsas məsələlər kənarda qalır və xırda, heç bir mahiyyət kəsb etməyən məsələlər önə çəkilir”.

Seymur Əliyev
Вернуться назад