Yaxın Şərqdə müharibənin Körfəz ölkələrinə vurduğu maddi zərər 200 milyard dolları ötüb
Bu gün, 11:27. Разместил: heqiqet
![]()
Yaxın Şərqdə müharibə nəticəsində Körfəz Ərəb dövlətlərinə dəymiş birbaşa maddi zərər 200 milyard dolları ötüb. İtkilərin əsas hissəsi iqtisadiyyatın müxtəlif sahələrinin və enerji infrastrukturunun payına düşür.
Maliyyə risklərinin qiymətləndirilməsi üzrə ixtisaslaşmış “Allianz Trade” şirkətinin hesabatına görə, 2030-cu ilədək regionun ümumi iqtisadi itkiləri 790 milyard dollara çata bilər.
Qeyd olunur ki, müharibə dövründə Körfəz Ərəb dövlətləri neft infrastrukturu, enerji obyektləri, hava limanları, dəniz limanları, hərbi bazalar və digər maddi obyektlərə qarşı İranın hücumlarına məruz qalıb. Bununla yanaşı, müharibə başlayandan bəri neft məhsullarının daşınması baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçiliyə yaradılmış maneələr dünya bazarında neft qiymətlərinin kəskin artmasına səbəb olub.
“Allianz Trade” hesabatını “Müharibənin Körfəzə dərin təsirləri: 2030-cu ilədək 790 milyard dollarlıq itkilər və yeni borclanma dövrünün başlanması” adlandırıb. Hesabatda bildirilir ki, region üzrə birbaşa maddi zərərin həcmi 200 milyard dolları ötür. İtkilərin böyük hissəsi Hörmüz boğazından asılı olan iqtisadiyyatlarda, xüsusilə enerji infrastrukturunda qeydə alınıb. Müharibə zamanı 80-dən çox enerji obyektinə ziyan dəyib. Bu obyektlərin əksəriyyəti Küveyt, Qətər və Bəhreyndə yerləşir. Onların təxminən üçdəbirinə ciddi zərər vurulub.
Hesabatda qeyd olunur ki, müharibə turizm və daşınmaz əmlak kimi digər sektorlara da mənfi təsir göstərib. Bu sahələrdə yaxın illərdə iqtisadi artımın zəifləyəcəyi proqnozlaşdırılır. Belə ki, Dubayda yaşayış üçün daşınmaz əmlakın qiymətləri sentyabr ayına qədər ilin əvvəlində qeydə alınmış ən yüksək göstərici ilə müqayisədə 10,2 faiz azalıb. Hesabatda vurğulanır ki, 2026-2030-cu illər ərzində müharibədən əvvəlki iqtisadi artım proqnozları ilə müqayisədə ümumi daxili məhsul üzrə yığılan itki 5,9 faizə bərabər olacaq. Bu göstərici müharibədən əvvəlki artım tempinin davam edəcəyi təqdirdə regionun əldə edə biləcəyi iqtisadi nəticələrlə müharibədən sonrakı dövr üçün gözlənilən iqtisadi göstəricilər arasındakı fərqi əks etdirir.
Вернуться назад