Prezident İlham Əliyev: "Azəri", "Çıraq" və "Günəşli" nəhəng neft yataqlarının işlənməsində yeni dövr başlayır
14-09-2017, 11:18. Разместил: heqiqet
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün əlamətdar və tarixi bir gündür:
"Azəri", "Çıraq", "Günəşli" nəhəng neft yataqlarının işlənməsində yeni dövr başlayır. Bu tarixi mərasimdə bizimlə bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə salamlayıram. Onların bu tədbirdə iştirakı bir daha bugünkü mərasimin önəmini əks etdirir".
İlham Əliyev bildirib ki, bu gün imzalanacaq sazişin Azərbaycan üçün çox böyük əhəmiyyəti var:
"Azəri", "Çıraq", "Günəşli" neft yataqlarının işlənməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq saziş Azərbaycan üçün daha da əlverişlidir. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış müqavilə də bizim maraqlarımızı tam təmin edirdi, bu dəfə isə daha da yaxşı şərtlərlə saziş imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm. Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. SOCAR-ın "AzACG" şirkəti podratçı kimi sazişin icrasında iştirak edəcək. SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Əlbəttə ki, sazişin bir çox müddəaları var və bu əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı üçün, bizim maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu sazişin çox böyük əhəmiyyəti var. Eyni zamanda onu da qeyd etməliyəm ki, 23 il ərzində sazişin icrası da çox uğurlu idi və bu illər ərzində 436 milyon ton neft “Azəri”, “Çıraq”, “Günəşli”dən hasil edilib.
Yaxşı xatırlayıram ki, 1994-cü ildə müqavilə imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən edilmişdir. Ancaq bugünkü məlumat – əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq – onu göstərir ki, hələ də “Azəri”, “Çıraq”, “Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, sazişin icrası müddətində bu rəqəm daha da artacaq".
Azərbaycan Prezidenti xatırladıb ki, 23 il bundan əvvəl ölkəmizin tarixində çox əlamətdar hadisə baş verdi: "Bakının “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin sədrliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması mərasimi keçirilmişdir və bu, ölkəmizin uğurlu inkişafına təkan vermişdir. O günləri mən çox yaxşı xatırlayıram, o günlər mənim gözümün qabağındadır. Doğrudan da Azərbaycan öz tarixində ən önəmli addımlardan birini atdı".
Dövlət başçısı vurğulayıb ki, “Əsrin müqaviləsi”nin imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda ağır problemlərlə üzləşmişdi. Xüsusilə, 1992-ci ildə dövlət çevrilişindən sonra hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına qoyulmuşdu. İqtisadi tənəzzül, sənaye potensialının azalması, inflyasiya min faizlərlə ölçülürdü. Ölkəmizdə iqtisadi perspektivlər demək olar ki yox idi. Siyasi, hərbi, iqtisadi böhran, anarxiya, xaos yaşanırdı. Və laxlayan hakimiyyəti saxlamaq üçün o vaxtkı qanunsuz zəbt edilmiş hakimiyyət silaha əl atdı. Azərbaycanda vətəndaş müharibəsinə başlanıldı, qardaş qanı axıdıldı. AXC-Müsavat hakimiyyəti tərəfindən ölkəmizin ikinci böyük şəhəri Gəncə bombalandı. Azərbaycan böyük faciə ilə üz-üzə qaldı. Bununla paralel olaraq, Ermənistan ölkəmizə qarşı işğalçı siyasət aparırdı və bu siyasət nəticəsində torpaqlarımızın böyük hissəsi işğal altına düşmüşdü".
Münaqişə nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olduğunu xatırladan İlham Əliyev deyib ki, belə bir ağır vəziyyətdə xalq yeganə düzgün seçim etdi: Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi: "Məhz onun prezident vəzifəsinə seçilməsindən sonra 1993-cü ildə vəziyyət tədricən düzəlməyə başladı. İqtisadi, siyasi islahatların aparılmasına başlanılmışdır, bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdir, ölkəmiz demokratiya yoluna qədəm qoymuşdur, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. Əlbəttə ki, ölkəmizin uğurlu inkişafı üçün sərmayə lazım idi. Çünki o vaxt xəzinə boş idi, inkişaf üçün imkan yox idi. Belə bir vəziyyətdə böyük xarici neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək əlbəttə ki, böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi".
Prezident bildirib ki, Azərbaycan o vaxt çox riskli bir yer sayılırdı və belə bir vəziyyətdə 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması, ölkəmizə böyük sərmayənin cəlb edilməsi doğrudan da tarixi nailiyyət idi:
"O gündən 23 il keçir. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf edib. Bu gün ölkəmiz ayaqda dayanan möhkəm ölkə kimi dünyada tanınır. Bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir, Azərbaycan beynəlxalq aləmdə çox müsbət və yüksək reputasiyaya malik ölkədir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir və bu da beynəlxalq aləmdə bizə olan rəğbətin, hörmətin, dəstəyin əlamətidir. Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır, bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir. İqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə də hər hansı bir başqa maneə, problem var".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bundan sonra uğurla inkişaf edəcək: "Ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin müqaviləsi”nin xüsusi rolu vardır".
Вернуться назад