Bizə bu Zəfəri və qürur hissini yaşadanlara minnətdarıq
Bu gün, 18:35. Разместил: heqiqet

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi Zəfərimizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi.
Azərbaycanın işğal altında olan 20 faiz torpaqlarını düşməndən azad etməsi, indiki geosiyasi vəziyyətə görə heç də asan məsələ deyildi. Nəzərə alsaq ki, bu işlə dünyanın supergücləri məşğul olurdu və beynəlxalq tribunalarda bu istiqamətdə mühüm qərarlar qəbul olunuşdu ancaq keçən müddət təbii ki, bizə heç nə qazandırmadı. Nəticənin olmadığı yerdə əldə olunacaq zəfərin əsas konturları müəyyənləşdirildi. İlk öncə ordu quruculuğunda ciddi islahatlar həyata keçirildi. Nizami ordu yaradılmaqla yanaşı, ordunun maddi texniki bazası hər il daha da genişləndirildi. Eyni zamanda müasir silahlardan istifadə, xalq-iqtidar birliyinin formalaşdırılması, vətəndaşların müharibə dövrünə hazırlığı və digər incə məqamlar elə dəqiqliklə hüsablandı ki, bu da özünü cəmi 44 gün çəkən Zəfər yolunda daha açıq və qabarıq göstərdi.
Zəfərin arxasında dayanan ən böyük fədakarlıq vətəndaşların müharibəyə hazırlığı idi. Vətən uğrunda canlarını fəda edən qəhrəmanların xatirəsi xalqımız üçün əbədi ehtiram mənbəyidir. Qazilərin göstərdiyi şücaət və döyüşlərdə nümayiş etdirdikləri mətinlik də milli tariximizin unudulmaz səhifələrindəndir. Zəfəri şərtləndirən amillərdən digəri ilə diplomatik gedişlər idi. Dövlət başçısının müharibə dövründə xarici mediyaya verdiyi 30-dan çox müsahibə beynəlxalq ictimaiyyətin informasiya blokadasını yardı və münaqişəyə olan baxışı kökündən dəyişdi. Ölkə daxilində isə bütün siyasi partiyalar, müxtəlif etnik və dini mənsubiyyətli vətəndaşlar Ali Baş Komandanın ətrafında sıx birləşərək sarsılmaz xalq-ordu birliyi nümayiş etdirdilər.
Bir müddət əvvəl mənfur düşmənin minaladığı, xaraba ərazi kimi saxladığı torpaqlarımıza bu gün həyat qayıdır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni yollar, tunellər, hava limanları, yaşayış binaları, məktəblər, xəstəxanalar və digər infrastrukturlar inşa edilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. 2026-cı il oktyabrın 23-nə olan məlumata görə, 40 mindən çox insanın, 10 mindən artıq ailənin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan yaşayış məntəqələrinə qayıdışı təmin edilib. Qarabağ Universitetinin fəaliyyəti, yeni təhsil və xidmət infrastrukturlarının yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi azad edilmiş ərazilərin gələcəyinə yönəlmiş mühüm addımlardır.
Hansı sahədə olursa olsun qələbə qazanmaq asan deyil və qazanılan hər bir zəfərin arxasında uzun bir yol dayanır. Zəhmət və möhkəm iradə hesabına əldə olunan qələbənin yaşatdığı sevinc hissi isə heç bir hisslə müqaisə oluna bilməz. Bizə bu Zəfəri və qürur hissini yaşadan Müzəffər Ali Baş Komandanımız, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında döyüşən Azərbaycan ordusu, qələbəni əldə etmək üçün misilsiz şücaət göstərən Vətən oğullarımız, torpaqlarımızın azadlığı uğruna canlarını fəda etmiş qəhrəman şəhidlərimizdir. Şəhidlərimizin əziz xatirəsi tarix boyu əziz tutulacaq və heç vaxt unudulmayacaq.
Pərviz Ədilov,
Ağsu Regional Qaz İstismar İdarəsinin
Göyçay Xidmət Sahəsinin rəis müavini
Вернуться назад