DataLife Engine > hadise > Qardaşını yatdığı yerdə baltalayan şəxsə 14 İL HƏBS CƏZASI

Qardaşını yatdığı yerdə baltalayan şəxsə 14 İL HƏBS CƏZASI


8-06-2017, 19:28. Разместил: heqiqet Qardaşını yatdığı yerdə baltalayan şəxsə 14 İL HƏBS CƏZASI Siyəzəndə qardaşını öldürməyə cəhddə təqsirləndirilən Vüsal Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, V. Əsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Vüsal Əsgərov istintaqa ifadəsində bildirib ki, avtoyuma məntəqəsində işləyərək ailəsini dolandırıb: “2010-cu ildən atam, anam, qardaşım Zəka və arvad-uşağımla eyni evdə yaşamışıq. Ailə üzvləri ilə münasibətim həmişə yaxşı olub. Lakin son 5-6 ildir ki, qardaşım Zəka ilə yola getmirdik. Aramızda söz-söhbət, dava-dalaş olub. Zəka evdə mütəmadi olaraq səbəbsiz yerə dava salırdı, nalayiq sözlər deyirdi, hətta yaşlı atamı təhqir edirdi. Anam öləndən sonra Zəka başladı ki, yaşadığımız ev ona çatacaq. Hətta evə müştəri gətirirdi ki, satıb Rusiyaya gedəcək. Zəka ilə münasibətlərimiz pisləşmişdi. Qazandığı pulu da özünə sərf edirdi, evə bir qəpik xeyri yox idi. Hətta evin bəzi əşyalarını da satıb xərcləyirdi. Evdə özünü pis aparır, arvad-uşağımın yanında mənə söyürdü”.
Vüsal Əskərov qeyd edib ki, hadisə baş verməzdən 2-3 gün əvvəl evdə atası və qardaşı Zəka ilə yeyib-içiblər: “Araq içirdik. Mənim bir nəfərə borcum vardı. Atama dedim ki, 15 manat ver, camaatın pulunu verim. Zəka isə buna etiraz etdi. Atama dedi ki, pulu vermə. Dedim, sənin nə işinə qalıb?! Aramızda yenə mübahisə düşdü. Məni söyməyə başladı. Həmin gündən bir-birimizdən küsdük. Nə danışdıq, nə də münasibət saxladıq. Ötən il oktyabrın 23-ü idi. Yağış yağmışdı, “moyka”da iş yox idi. Ona görə bütün günü evdə oturdum və Zəkanın elədiklərini götür-qoy etdim. Axırda onu öldürmək qərarına gəldim. Gecənin düşməyini gözlədim ki, hamı yatandan sonra Zəkanı öldürüm. Oturdum televizora baxdım. Hava da soymuşdu. Üşüdüyümdən yarım litr araq alıb içdim. İçə-içə onu necə öldürəcəyimi düşünürdüm. Bıçaqla vuracağım təqdirdə ölməyə də bilərdi. 5-6 ildir başıma açdığı oyunlara görə Zəkanı ağrı verməklə öldürmək üçün balta ilə vurmağı planlaşdırdım. Həyətdən baltanı götürdüm və Zəka yatan otağa girdim. Üzü divara tərəfə yatmış idi. Zəkanı çağırdım ki, bilim yatıb-yatmayıb. Həmin vaxt Zəka başını çevirərək mənə “hə” dedi. Bu zaman bildim ki, oyaqdır. Özüm də istəyirdim ki, oyaq olsun, bilsin ki, onu mən öldürmüşəm. Balta ilə Zəkanın başına zərbələr vurmağa başladım. Neçə zərbə vurduğumu xatırlamıram. Həmin vaxt Zəka qışqıraraq onu vurmamağımı xahiş etdi. Buna məhəl qoymayaraq Zəkanın əlinin üstündən başına qədər zərbələr vurdum. Bu vaxt Zəka çarpayıdan yerə yıxıldı. Səs-küyə atam və yoldaşım gəldi. Atam baltanı əlimdən aldı. Zəkanın bir neçə barmağı balta ilə kəsilərək sallanmışdı. Sonradan bir barmağının kəsilib yerə düşdüyünü gördüm. Fikirləşdim ki, bu zərbələrdən sonra Zəka öləcək. Atam təcili yardım çağırdı. Mən də evdən çıxıb polisə getdim və qardaşımı vurduğumu etiraf etdim”.
İttihama görə, Vüsal Əsgərov keçən il oktyabrın 21-də axşam saatlarında başqa bir şəxsə borcunu qaytarmaq üçün atasından 15 manat pul istədiyinə görə qardaşı Zəka Əsgərovla mübahisə edib. Qardaşı onun ünvanına nalayiq söyüşlər söyüb. Bir neçə gün ərzində bunu həzm edən bilməyən Vüsal Əsgərov qardaşını öldürmək qərarına gəlib. Oktyabrın 24-də, gecə saat 5 radələrində sərxoş vəziyyətdə ailə üzvlərinin yatmasını gözləyərək, balta ilə qardaşının sifətinə zərbələr endirib. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Vüsal Əsgərov da könüllü şəkildə polisə təslim olub. Ona Cinayət Məcəlləsinin 29.120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Вернуться назад