Nardaranda vurulan polislərin adları bilindi
27-11-2015, 13:01. Разместил: heqiqet Şəhid polislər bu gün İkinci Fəxri xiyabanda dəfn ediləcək.
Nardarandakı toqquşmaları zamanı şəhid olan iki polis əməkdaşının kimliyi məlum olub.Həlak olan polislər- mayor Vüqar Əyyub oğlu Nəsibov və İsmayıl Rəsul oğlu Tağıyevdir. Şəhid edilən hər iki polis əməkdaşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub. Vüqar və İsmayılın ikisinin də iki övladı var.
Hər iki polis əməkdaşı bu gün II Fəxri Xiyabanda dəfn ediləcək. Hazırda onlara vida mərasimi keçirilir.
Dünən Bakının Nardaran qəsəbəsində silahlı insident baş verib. İnsident zamanı ölən və yaralananlar olub. Hadisədən sonra Azərbaycan respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu məsələ ilə bağlı məlumat yayıb. Məlumata görə, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Aparılan araşdırmalarla bu məlumat təsdiqlənib və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib.
Müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaradıblar.
Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.
Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədilə, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib. Daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirmiş, 2 əməkdaş qəhrəmancasına həlak olub.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.
Hadisədən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri ə Şeyxülislam Allahşükür Paşazad həmin polisləri şəhid elan edib.
Вернуться назад