İslamiada zamanı metroda 30 könüllü bələdçi fəaliyyəti göstərəcək
11-05-2017, 12:08. Разместил: heqiqet
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunları zamanı da metropolitendə könüllülərin xidmətindən istifadə olunmuşdu:
""Bakı Metropoliteni" QSC-nin rəhbərliyi bu uğurlu təcrübəni IV İslam Həmrəyliyi Oyunları zamanı da tətbiq edəcək. Metropolitenin Oyunların keçiriləcəyi arenaların, həmçinin şəhər mərkəzinin yaxınlığında yerləşən stansiyalarda fəaliyyət göstərən könüllülər üzərində "Ask me" (tərcüməsi – "Məndən soruş") yazılmış köynəkləri və metropolitenin atributları olan geyimləri ilə diqqət çəkəcəklər. Əsas məqsəd şəhərimizə təşrif buyurmuş qonaqların, xüsusən də əcnəbilərin metropolitendə koordinasiyalı hərəkətini, onların idman və sosial-mədəni obyektlərin səmtini rahatlıqla müəyyənləşdirməsini təmin etməkdir. Eyni zamanda, onlar lazım gəldikdə sərnişinləri digər faydalı məlumatlarla da təmin edəcək, İslam dünyasının bir parçası olan Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği, paytaxtımızdakı idman və mədəniyyət yerləri haqqında maraqlı məlumatlar verəcəklər".
N.Paşayev bildirib ki, seçim mərhələsində namizədlər arasından 30 nəfər könüllü seçilib:
"Sonra onlarla müvafiq təlimatlandırma işi aparılıb, həmçinin könüllülərin çalışacaqları stansiyalarla tanışlıqları təmin edilib. Könüllülərin əksəriyyəti "Bakı-2015" Avropa Oyunları zamanı könüllü kimi metropolitenlə əməkdaşlıq ediblər. Bütün könüllülər müvafiq ləvazimatlarla, o cümlədən geyim dəsti və yaddaş kitabçaları ilə təmin ediliblər. Növbətçilik cədvəli isə onların təcrübəsinə uyğun müəyyən edilib. Könüllülər stansiyaların giriş-çıxışlarında iki növbəli rejimdə fəaliyyət göstərəcəklər".
Вернуться назад