Aleksander Çeferin: UEFA təşkilatın əsas dəyərlərini qorumaqda davam edəcək
8-02-2019, 11:37. Разместил: heqiqet
Bu barədə UEFA prezidenti Aleksander Çeferin təşkilatın Romada keçirilən konqresində özünün 2016-2019-cu illərdəki fəaliyyətinin yekunları barədə danışarkən bildirib.
Çeferin konqres üzvlərinə müraciətlə deyib: "2016-cı ildə siz etimad göstərərək məni prezident postuna seçdiniz. O vaxt böhran dövrü idi. Lakin böhran yaxşılığa doğru dəyişmək üçün bir fürsətdir. Biz qərara gəldik ki, fəaliyyətimizin bünövrəsində ehtiram olmalıdır. Bu səbəbdən də biz UEFA-da şəffaflığın artırılması üçün bir sıra təkliflər hazırladıq”.
"Əlbəttə, hər hansı bir sistemdə olduğu kimi, bizim də zəif tərəfimiz var. Dopinq, əvvəlcədən danışılmış oyunlar, korrupsiya – bütün bu hallar yolverilməzdir. Onlara qarşı mübarizə aparan orqanlar qətiyyətlə və ciddi surətdə hərəkət etməlidirlər”, - deyə UEFA-nın rəhbəri bildirib.
"Biz bundan sonra da həm futbol meydançasında, həm də onun hüdudlarından kənarda bərabərlik, tolerantlıq kimi UEFA-nın əsas dəyərlərini qoruyacağıq. Mən 2016-cı ildən başlayaraq fəaliyyətimin qısa icmalını təqdim etdim. Ümid edirəm ki, bu, bizim ümumi işimizin yalnız başlanğıcıdır”, - deyə sonda Çeferin bildirib.
A.Çeferin UEFA prezidenti postuna ilk dəfə 2016-cı ilin sentyabrında seçilib. Bu gün Roma konqresində təşkilatın rəhbəri postuna yeni seçkilər keçirilib. Çeferin yenidən UEFA-nın prezidenti olub.
Вернуться назад