Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır
Bu gün, 12:50. Разместил: heqiqet
![]()
“Vikinq” adına görə bizim üçün o qədər də tanınmış rəqib olmasa da, Norveç futbolunu yaxşı tanıyırıq. Norveç son illərdə futbolu inkişaf edən ölkələrdən biridir. Bilirik ki, bu ölkədə fiziki gücə və taktiki hazırlığa xüsusi önəm verilir. Üstəlik, “Vikinq” hər oyunda aqressiv futbola üstünlük verir. Ona görə də “Sabah”ı asan qarşılaşma gözləmir. Komandamız bu amilləri nəzərə alır və oyunun nə qədər çətin olacağını dərk edir.
Bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Sabah”ın Norveçdə “Vikinq”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının oyunu barədə danışarkən deyib.
Mütəxəssis bütün çətinliklərə baxmayaraq, Bakı klubunun yaxşı nəticə qazanacağına inandığını bildirib: “Püşkatmada “Vikinq”in adını görəndə qarşımızda uğurlu nəticə əldə etmək üçün yaxşı imkan yarandığını düşünmüşdüm. Səfər oyunu olmasına və rəqibin kifayət qədər aqressiv futbol nümayiş etdirməsinə baxmayaraq, ümidlərimiz böyükdür. İnanıram ki, çempionumuz bu yarışda özünü ən yaxşı tərəfdən göstərəcək. Komandamız oyuna yüksək motivasiya ilə çıxacaq və qələbə qazanmaq üçün çalışacaq. Bir məqamı da unutmayaq ki, turnir cədvəlində vəziyyəti dəyişmək baxımından bu oyunda qazanılacaq xalların əhəmiyyəti böyükdür. Hər zaman vurğulamışam ki, sonda həm komandanı, həm də azarkeşləri sevindirəcək, turnir vəziyyətində dəyişiklik etməyə imkan verəcək nəticə əldə etməyimizi istəyirəm”.
Onun sözlərinə görə, heç bir komanda meydana sırf bir xal qazanmaq məqsədilə çıxmır: “Biz dəfələrlə vurğulamışıq ki, “Sabah” hər oyunda qələbə əzmi ilə mübarizə aparır. 90 dəqiqənin sonunda hansı nəticənin qeydə alınacağını indidən demək çətindir. Əsas məsələ odur ki, komandamız rəqibdən və oyunun keçirildiyi məkandan asılı olmayaraq, öz üslubunu nümayiş etdirsin. “Sabah” ilk dəfə bu turnirdə iştirak etməsinə baxmayaraq, öz oyunu ilə Avropada diqqət çəkir və qazandığı xalların sayını artırmağa çalışır. Ən vacibi odur ki, “Sabah” öz futbolunu göstərə bilsin və sonda hər birimizi sevindirən nəticəyə nail olsun”.
Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Üç xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşan təmsilçimiz indiyədək üç oyun keçirib, bir qələbə qazanıb və iki dəfə məğlub olub.
Вернуться назад