DataLife Engine > sehiyye > Geomaqnit qasırğası günlərində meteohəssaslığı yüksək olanlar özlərini qorumalıdırlar

Geomaqnit qasırğası günlərində meteohəssaslığı yüksək olanlar özlərini qorumalıdırlar


6-09-2023, 14:36. Разместил: heqiqet Son günlər insanlar arasında başda küt ağrı olması, özünü pis hissetmə və s. kimi şikayətlər çoxalıb və mütəxəssislər bunu havada geomaqnit qasırğasının olması ilə əlaqələndirirlər. Sentyabr ayında bir neçə dəfə geomaqnit qasırğası olacağı gözlənilir. Məhz həmin günlərdə meteohəssas və müəyyən xəstəlikləri olanlar özlərini narahat hiss edir, xüsusilə də başağrıları olduğundan şikayətlənirlər. Həkimlər isə deyirlər ki, hər başağrısı və halsızlığa səbəb geomaqnit qasırğası deyil. Əsasən qan təzyiqi yüksək olanlar, hipertoniyadan əziyyət çəkənlər, insult və infarkt keçirənlər qasırğaların təsirinə daha meyillidirlər. Bu zaman onların qanında stress hormonu və adrenalin yüksəlir və bunun nəticəsində qanın sürəti azalır, laxtalanma artır, bütün bunlar birbaşa insanın əhvalına təsir göstərir.
Həkim-nevropatoloq Aytən Hüseynova deyib: “Geomaqnit qasırğası olan günlərdə özünü narahat hiss edən xəstələrin ilkin yardım vasitələri yanlarında olmalıdır. Xüsusilə ürək və hipertoniya xəstəliyi olanlar həkimin onlara məsləhət gördüyü təzyiq, başağrı dərmanlarını əl altında saxlamalı, düzgün qidalanmaya riayət etməli, daha çox meyvə-tərəvəzlə qidalanmağa üstünlük verməli, çoxlu su içməlidirlər. Alkoqol və spirtli içkilərdən, kəskin qidalardan, tütün məhsullarından uzaq olmaq məsləhətdir”.
Maqnit qasırğalarının təsirini yaşlılar, hamilə qadınlar, eləcə də xroniki xəstəliyi olanlar daha çox hiss edirlər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.
Həkim-terapevt Nahid Məhərrəmov isə bunları məsləhət görüb: “Adətən dərman qəbul edən hipertoniya və insult xəstələri, asmatik problemi, ürək və yaxud hər hansı bir xroniki, iltihabi, yoluxucu xəstəliyi olanlar, eləcə də nəfəsalmada, burun tənəffüsündə problemlə üzləşənlər geomaqnit qasırğası zamanı təzyiqin oynaması - aşağı enməsi və yuxarı qalxması nəticəsində özlərini narahat hiss edə bilərlər. Onlarda başağrıları, halsızlıq, yorğunluq, bəzən təzyiqin davamlı şəkildə yuxarı qalxması və aşağı düşməməsi ilə əlaqədar sağlamlıq problemi müşahidə edilməsi mümkündür”.
Onun dediyinə görə, maqnit qasırğası olan günlərdə bayıra çıxmamaq məsləhətdir: “Yaşı 60-dan yuxarı olanların zərurət olmadığı təqdirdə havaya çıxmamağı daha düzgün olar. Maqnit qasırğası və ya fəsil dəyişkənliyi zamanı özünü narahat hiss etməyənlər rahat şəkildə açıq havaya çıxa bilərlər”.
Həkim-terapevt Nərgiz Kərimova da geomaqnit qasırğası günlərində ehtiyatlı olmağı məsləhət görüb: “Meteohəssas insanlar, xüsusilə ən çox xroniki xəstəliyi, o cümlədən ürək-damar xəstəliyi və təzyiqi olanlar gündəlik istifadə etdikləri dərmanları mütləq vaxtında qəbul etməlidirlər. Uşaqlara isə valideynlər tərəfindən nəzarət olunması və havaya uyğun geyindirilməsi tövsiyə olunur”.
İnsanları düşündürən digər bir məsələ - geomaqnit qasırğasının evdən bayıra çıxmayanlara da təsir edib-etməməsinə gəldikdə həkim-nevropatoloq qeyd edib ki, bunun fərqi yoxdur. Orqanizmi həssas olanlara geomaqnit qasırğası ev şəraitində də təsir edir.
Вернуться назад