Mehriban xanım gənc nəsil üçün vətənə xidmətin, milli ənənələrə sədaqətin canlı örnəyidir
25-08-2024, 21:10. Разместил: heqiqet Prezident İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.” Bəli, böyük tarixi, mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim yüksək ehtiramla yanaşmışdır. Qadın yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq, hər zaman bəşəriyyətin inkişafına mühüm töhfələr veriblər. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçərək bütün mərhələlərdə ilklərə imza atmağa müvəffəq olmuşdur.
Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Böyük rəhbər istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün mühüm işlər görmüşdür. Hazırda cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar, müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Bu gün qadınlarımız parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər, rəhbər vəzifələrdə təmsil olunurlar.
Bu gün biz qadınlarımızı hansı obrazda görmək istəyirik? Özünə inamlı, güclü, eyni zamanda, öz ocağının qoruyucusu kimi. Belə bir balans və harmoniya mümkündür. Hazırda bizim qadınlarımız arasında belə nümunələr var.
Prezident İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verilən önəmin bariz göstəricisidir. Elə Mehriban xanım da, qeyd edir ki, “ Mənim ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə-Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə, ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam.”
Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir.
Xalqın taleyini öz taleyində yaşayan Mehriban Əliyevanın mənəvi, ictimai və siyasi vəzifəni, məqsədi ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi vaxtlardan görünməyə başladı. Mehriban xanım hələ ilk gəncliyindən öz çalışqanlığı ilə hər yerdə və hər zaman birincilik statusunu qazanması, müvəffəqiyyətlərə nail olması ilə fərqlənib. Onun ictimai fəaliyyətə qoşulduğu illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndərin yaratdığı və özünün də müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, müasir və müstəqil dövlətimizin qurulması və daha da inkişaf etməsi prosesinin fəal iştirakçısına çevrildi. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti qədim, köklü xalq kimi tanıdan və bütün dünyada qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Məhz buna görə də o, özünün çoxşaxəli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. Bütün ictimai şüuru ilə azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi az bir zamanda ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı. Onun fəaliyyətini qiymətləndirən bir çox xarici ölkələrin tanınmış siyasətçiləri, ictimai xadimləri qeyd edirlər ki, “Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir”.Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərə nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil. 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi üzərinə böyük məsuliyyət götürərək, problemlərin dərinliyini dərk edərək, yaddan çıxmış sahələri ətalətdən çıxararaq onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun verdi. Mehriban xanım Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması, təbliği üçün ilk olaraq “İrs” jurnalını təsis etməklə başladı. Təbii ki, görülən işlərin mahiyyətində nüfuzlu ictimai xadim olan Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə yeni nəfəs gətirməsi, onun tarixi keçmişindən bəhrələnməklə bugünkü inkişafına təkan vermək amalı dayanırdı.
Onun fəaliyyətinin mahiyyətində mərhəmət və ülvilik hissi dayanır. Mehriban xanımın bu fikirləri sözlərimizi təsdiq edər: “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır - istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”.
O, 2004-cü il mayın 10-da Heydər Əliyev Fondunu yaratmaqla, ulu öndər Heydər Əliyevin vətənimizin və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir. Fondun çoxşaxəli fəaliyyətini göz önündə canlandıranda belə bir əzəmətli mənzərədən heyrətlənməmək olmur. Onun qarşıya qoyduğu məqsəd demək olar ki, həyatımızın mühüm sahələrinin inkişafına yönəlmiş çalışmalar, milli-mənəvi dəyərləri özündə ehtiva edən prinsiplər üzərində qurulmuşdu. Bu məqsəd fondun fəaliyyət proqramında daha dəqiq ifadə olunduğu kimi, “milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir”. Görülən işlərin, irimiqyaslı layihələrin həcmini təsəvvürə gətirəndə aydın olur ki, bütün bunlar Birinci vitse-prezident, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri və ISESCO-nun ilk qadın xoşməramlı səfiri Mehriban xanım Əliyevanın vətən və xalq naminə qarşıya qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyinin bariz nümunəsidir. Heydər Əliyev Fondu nəinki irimiqyaslı, möhtəşəm layihələri həyata keçirib, hətta fəaliyyət göstərdiyi bu 20 ildə ölkənin həm daxildə, həm də xaricdə vüsətli inkişafına, böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin öndə olan ölkələrindən birinə çevrilməsinə güclü dəstək olmuşdur. Bu, ən çox insan faktoruna ali münasibəti, ölkəmizin beynəlxalq arenada layiq olduğu mərtəbədə qərarlaşması ilə dəyərli idi. Elə dövlət başçısı Prezident İlham Əliyev fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, “Mehriban Əliyevanın rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”.
Heydər Əliyev Fondu məhz milli-bəşəri ideyaların tərənnümçüsü, daşıyıcısı olması ilə qüdrətlidir. Mehriban Əliyevanın fondun rəhbəri kimi, ən böyük məqsədi də Heydər Əliyev irsinin bir məktəb kimi yeni nəslə öyrədilməsi, təbliğ olunmasıdır. Mehriban Əliyeva onun ideallarına sadiq qalaraq, milli-mənəvi dəyərlərimizi özünün həyat tərzində, əxlaqında və düşüncəsində yaşadaraq ulu öndərin yolunu ləyaqətlə davam etdirir. Bu, xalqın gələcəyini möhkəm özüllər üstə qurmağa, onu inkişaf etdirməyə aparan ən işıqlı yoldur. Bu, ulu öndərin apardığı yaradıcılıq və quruculuq işlərinin davamı olaraq vətən və xalq naminə fəaliyyət göstərməyin ən doğru yoludur. Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bir daha xatırladaq ki, bütün bunlar güclü, aydın təfəkkürə, təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli bir qadının - respublikanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın bilavasitə çalışmaları sayəsində həyata keçirilir.
Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək - bütün bunlar Mehriban Əliyevanın daim diqqət mərkəzində olmuşdur. Humanizmi, mərhəməti, xeyirxahlığı ilə həyata keçirdiyi geniş əhatəli layihələr fəaliyyətinin başlıca meyarı olmuşdur. Mehriban xanımın bu layihələri böyük həssaslıqla, ən kiçik detallarına, incəliklərinə qədər izləməsi, proseslərin içərisində olması da onun özünəməxsus iş üslubuna, xarakterə malik olduğunun aydın göstəricisidir. Bütün bunları göz önünə alanda görürük ki, o, tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni anlamda, həm də ləyaqətlə davam etdirir.
Mehriban Əliyeva Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilən Mehriban xanım sözün əsl mənasında, xalqın elçisi olub. O, birinci xanım statusunda da ilkindir, bənzərsizdir, həm də özünəməxsusdur. Bütün fəaliyyətində işgüzarlığı, böyük səyi və bacarığı ilə seçilən Mehriban xanım müsahibələrinin birində birinci xanım missiyasının məsuliyyətini şərh edərək demişdir: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür...” Ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğı, böyük dəstək vaxtaşırı olaraq idmançılarımızın dünyada keçirilən yarışlarda vətənə uğurlar qazandırmasına səbəb olmuşdur. Mehriban Əliyevanın tərcümeyi-halından da aydın olur ki, “Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin (2003), dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb”. Mehriban xanımın bu sahədə də böyük uğurlara nail olması, 2004-cü ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilməsi ölkəmizdə idmanın inkişafında məqsədyönlü fəaliyyətinin aparılmasına öz təsirini göstərdi. Azərbaycanda bir-birinin ardınca baş tutmuş beynəlxalq konfrans və festivallar, yüksək səviyyədə təşkil olunmuş idman oyunları dünyanın nüfuzlu dövlətlərinin böyük marağına səbəb olmuşdur. Onun “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri olaraq əlahiddə bir bacarıq nümayiş etdirməsi ölkəmizə başqa dövlətlərin də inamının, böyük marağının yaranmasına səbəb olmuşdur. 2017-ci ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsində də bu oyunların təşkilat komitəsinin sədri kimi onun zəhməti təqdirəlayiqdir. Bütün bu çalışmalar, yeni axtarışlar bacarıqlı, işgüzar birinci ledinin vəzifə pillələrində yüksəlməsini zəruri etdi. Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Həmin gün Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edən Prezident İlham Əliyev onun ictimai-siyasi fəaliyyətindən bəhs edərək keçdiyi həyat yoluna qısa nəzər salmış, həyatının ictimai əhəmiyyət kəsb edən məqamlarına toxunmuşdur.
Dövlət başçısı demişdir: “2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın,hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Mehriban xanım özünün çoxşaxəli fəaliyyəti ilə bu gün gənc nəsil üçün vətənə xidmətin, milli ənənələrə sədaqətin canlı örnəyidir. İlk davamçıları isə övladlarıdır. Onlar əsl vətəndaş kimi insanpərvərlik, vətənpərvərlik ruhunda tərbiyə olunublar və biz bunu onların fəaliyyətlərində əyani şəkildə görürük. Mehriban Əliyeva bu illərdə çox titullara, təltiflərə, mükafatlara layiq görülüb.
Birinci xanımın beynəlxalq aləmdəki nüfuzu, aldığı mükafatlar təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir. Amma onların içərisində bir mükafatın yeri əlahiddə olduğundan burada onu xatırlatmağı vacib sayırıq. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür.
Əziz və hörmətli Mehriban xanım, Sizi ad gününüz münasibətilə təbrik edirik!
Elvina Xasməmmədova,
"Azərbaycan xanımı" jurnalının baş redaktoru,"Qızıl qələm" mükafatı laureatı
Вернуться назад