XXI əsrin I yarısında yeni dünya düzəninin əsasları
9-02-2025, 20:49. Разместил: heqiqet
Yeni dünya düzəni indiyə qədərki formatlardan fərqli olaraq daha mütərəqqi, sivil, davamlı inkişafı dəstəkləyən, ona şərait yaradan, məhdud millətçilik və korporativ maraqlardan uzaq, iqlim dəyişiklikliyinə qarşı mübarizəni özündə ehtiva edən bir sistem olmalıdır. Dövlətlərin tarixi birliyinin yeni forması ilk növbədə totalitarizm, hegemonluq meyllərindən əl çəkib dövlətlərin daxili işlərin çox müxtəlif formalarda müdaxilə etməməyi əsas götürür. Ərazi iddialarının tarixin arxivinə verilməsi vaxtı çoxdan çatmış, dövlətlərin ərazi bütövlüyü və suverenleyinin hamılıqla qəbul olunması zərurətə çevrilmişdir. Regional problemlərin həllini ən yaxşı halda region dövlətləri bilir. Qarşılıqlı fayda əsasında bərabərhüquqlu regional əməkdaşlıq formatına alternativ yoxdur. Dövlətləraarası münasibətlərdə “bumeranq effekti”nin olması hamılıqla qəbul olunmalıdır. Təsirin əks təsirə haçansa bərabər olması yaddan çıxmamalıdır.
Qlobal problemlərin mövcudluğu onların həllinə qlobal yanaşma tələb edir. Bunlardan ən mühümü, ən qorxulusu milli-etnik, dini zəmində ayrı seçkiliyin olması faktıdır. ABŞ, Fransa, kollektiv qərb dövlətləri, həmçinin dövlətlərarası münasibətlərdə milli ədavəti qızışdırmaq üçün çox müxtəlif üsullarla müdaxilə edirlər. Gürcüstanda keçirilmiş parlament və prezident seçkilərinə müdaxilə edərək müxalifətin ayağa qaldırılması mövcud hakimiyyətin devrilməsi, Rusiya-Gürcüstan münasibətlərinin kəskinləşməsinə yönəlmiş aksiya kimi qiymətləndirilir. ABŞ, Fransa, Hindistan Ermənistanı silahlandırması, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində “binokl demokratiyası və diplomatiyası” aparması bu dövləti müharibəyə təhrik etməkdən başqa bir şey deyildir.
Digər qlobal problem müharibə və münaqişə ocaqlarının olmasıdır. Bəşəriyyətə utanc gətirən tarixə qara ləkə kimi düşən müharibə harda, kimlərin arasında olmasından asılı olmayaraq dayandırılmalıdır. Səbəbkar cəzalandırılmalı, hərbi tribunala verilməlidir.
Qlobal problemlərdən biri bəşəriyyəti hər an məhv edə biləcək nüvə silahının olmasıdır. Dünya dövlətləri arasında qarşılıqlı etimad mühitinin yaradılması nüvə silahından hamılıqla imtina edilməsi üçün əməli tədbirlərin həyata keçirilməsi vaxtı çatmışdır.
İqlim dəyişikliyi və onun əsasında meydana çıxan fəsadların, kataklizmlərin aradan qaldırılması yeni dünya nizamı üçün səfərbəredici funksiya daşıyaraq səylərin birləşdirilməsini tələb edir. Kütləvi insan tələfatına səbəb olacaq pandemiya ehtimalının olması qlobal problemlərdəndir. Covid-19 pandemiyasının təcrübəsi göstərdi ki, hətta dünyanın ən inkişaf etmiş dövətləri bu bəladan sığortalanmayıb.
200-ə qədər müalicəsi məlum olmayan genetik xəstəliklərin olması, onkoloji xəstəliklərin tuğyan etməsi həmçinin qlobal problemlərdən olub həllini gözləyir. XXI əsrdə dünya içməli su çatışmazlığı ilə üzləşmiş və bu artıq qlobal problemə çevrilmişdir. Fundamental, davamlı təchizatı təmin edən transkontinental layihəyə ehtiyac vardır.
Yeni dünya düzəninin həll etməli məsələlərindən biri yoxsulluqdur. BMT-nin inkişaf proqramının 19 oktyabr 2024-cü il məlumatına əsasən dünya əhalisinin 1,1 milyard nəfəri yoxsulluq içində yaşayır. Göründüyü kimi problem qlobaldır. Bura yoxsulluğuun bütün növləri: mütləq, nisbi, gəlir yoxsulluğu, dövrü yoxsulluq, kollekiv yoxsulluq daxildir.
Qlobal və regional problemlərin həlli üçün koordinasiya edici orqan olaraq etibarı ilə, həmçinin dövlətlərarası münasibətləri tənzimləməyən orqan kimi BMT-nin nüfuzu artırılmalı, həqiqətən dövlətlərüstü funksiya daşımaq üçün mütləq əksəriyətin, hamının mənafeyi üçün ədalətli idarəetməni təmin edən struktur islahatları zamanın tələbi olub tezliklə öz həllini tapmalıdır.

Əliyev Məsum Kamal oğlu
Kürdəmir rayonu Karrar Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri
07 fevral 2025-ci il
Вернуться назад