Ulu Öndərin dövlətimiz, xalqımız qarşısında xidmətləri ölçüyəgəlməzdir
14-07-2025, 15:16. Разместил: heqiqet
Əsası 1969-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş milli inkişaf konsepsiyası bu gün uğurla davam etdirilir. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır.2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin islahatları nəticəsində Azərbaycan bir-birindən əhəmiyyətli, möhtəşəm uğurlara imza atır. Artıq beş ildir ki, tarixi Zəfərimizin sevincini yaşayırıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmizdən üç il sonra, 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Qalib, bütövləşən Azərbaycan işğaldan azad edilmiş bütün torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərini həyata keçirir. Soydaşlarımız mərhələ-mərhələ Böyük Qayıdışın sevincini yaşayırlar. Artıq 16 şəhər və kənd sakinlərinə qovuşub. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu arzunu gerçəkləşdirdi. Heydər Əliyev yolu ölkəmizə, xalqımıza daim uğurlar qazandırır. Bu gün qürur hissi ilə qeyd edirik ki, Heydər Əliyev kimi Ümummilli Lideri, İlham Əliyev kimi qalib Sərkərdəsi olan xalq xoşbəxtdir, yenilməzdir, məğrurdur.
1969-cu il iyulun 14-ü Azərbaycanın xilasının birinci mərhələsinin, xalqın özünə qayıdış tarixinin başlanğıcıdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi bu tarixin ölkəmizin, xalqımızın taleyində əhəmiyyətli rolu bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır.
Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. Ümummilli Lider 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz SSRİ-də bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan 1982-ci ildə artıq qabaqcıl yerlərdə oldu. Əgər iki respublika donor idisə, onlardan biri Azərbaycan idi. O vaxt dahi şəxsiyyətin gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı. Ümummilli Lider hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla yerinə yetirərək müstəqilliyimizi daimi, sarsılmaz etdi, dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı.
1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, kadr hazırlığı, gənclərin son dərəcə vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər mühüm addımlar Ümummilli Lider Heydər Əliyevin gələcəyə hesablanmış fəaliyyətinin əsas tərkib hissələri olub. Prezident İlham Əliyev Azərbaycanın o illərdə keçdiyi inkişaf yolunu təhlil edərkən bildirir ki, 1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-1980-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü oldu. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə ölkəmiz yenə tənəzzülə uğradı və bu, əslində yenicə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik.

Məsum Əliyev,
Kürdəmir rayon Karrar kənd Ailə-sağlamlıq Mərkəzinin bölmə müdiri
Вернуться назад